...

Bir qrup gənc İçəri Şəhərdə özlərini dəmirlərə zəncirləyib

Siyasət Materials 16 Noyabr 2007 16:21 (UTC +04:00)
Bir qrup gənc İçəri Şəhərdə özlərini dəmirlərə zəncirləyib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Dalğa" gənclər Hərəkatının bir qrup fəal üzvü cümə günü Bakının İçəri şəhərində paytaxtın ekologiyasının və tarixi abidələrinin qorunması tələbi ilə aksiya keçiriblər. Trend in məlumatına görə, 15 nəfər gənc Qız Qalasının yanında dəmir hasara özlərini zəncirlə bağlayıblar. Bununla, gənclər insanların diqqətini özlərinə cəlb edərək, İçəri Şəhərin qorunması tələblərini çatdırmağa çalışıblar.

Bir neçə dəqiqədən sonra polis əməkdaşları aksiyaçılara yaxınlaşaraq, əvvəl "Dalğa" gənclər hərəkatının bayrağını yığışdırıblar. Sonra gənclərin özlərini dəmir hasara bağlıdığı zənciri açmağa çalışıblar. Dəmir qıfılla bağlandığından, polislər zəncirləri qırıblar.

15 aksiyaçı saxlanılaraq, polis bölməsinə aparılıb.

Hadisə yerinə gələn "İçəri şəhər" Qoruq İdarəsinin başçısı Kamran İmanov bildirib ki, o, gənclərin dəmir zəncirlərə ziyan vurmasının və bu tip formada aksiyası keçirməsini dəstəkləmir. Onun sözlərinə görə, İçəri Şəhərə ziyan vurmaqla, onu qorumaq yolverilməzdir. İmanovun sözlərinə görə, qoruğun içərisi təmiz saxlanılır, küçələri maşınlarla yuyulur, dağılan binalar bərpa olunur və hazırda orada heç bir yeni bina tikilmir: "İçəri şəhərdə yeni bulaqlar düzəldilib, işıqlar, insanların oturub dincəlməsi üçün dəmir çadır qurulub. Gəcələkdə turistlərin cəlb olunması üçün küçələrdə qədim əşyalar nümayiş etdirilən guşələr, qəlyanaltı- restoranlar təşkil olunacaq"-deyə İmanov bildirib.

Gənclərin aksiya keçirdiyi yerə gələn bir neçə sakin bildirib ki, onlar son zamanlar orada aparılan təmizlik işəlrindən, yeni asfalt örtüyü salınmasından razıdırlar.

Digər bir sakin- Orxan Məmmədov bildirib ki, o, maşınların sıxlığından şikayətçidir: "İçəri Şəhər sanki maşın dayanacağına bənzəyir"-deyən sakin əlavə edib.

Bakının qədim hissəsi olan "İçəri Şəhər" Azərbaycanın qədim tarixi abidələrindən biridir və qoruq statusludur. Burada 12-ci əsrə aid Qız qalası, 15-ci əsrə aid Şirvanhaşlar Sarayı və digər tarixi abidələr qorunur.

Xəbər lenti

Xəbər lenti