...

İctimai təşkilatların ilk dəfə keçirəcəyi mitinqdə bayram konserti veriləcək

Siyasət Materials 22 Noyabr 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın ictimai təşkilatlarının ilk dəfə dekabrın 9-da keçirəcəyi mitinqdə insan haqlarının müdafiəsinə həsr olunmuş bayram konserti veriləcək. Bu barədə cümə axşamı Trend ə mitinqin təşkilatçılarından olan Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov məlumat verib.

10 dekabr Ümumdünya İnsan Haqları Günüdür. Namazov bildirib ki, bu münasibətlə media, gənclər və hüquq müdafiə təşkilatlarından ibarət beş ictimai qurum kütəlvi aksiya keçirməyi qərara alıb.

Namazov bildirib ki, 9 dekabr mitinqini indiyədək keçirilmiş aksiyalardan fərqli olaraq, bayram əhval-ruhiyyəsi ilə təşkil edəcəklər: "Təbii ki, biz mitinqdə insan haqları sahəsindəki problemlərdən də danışacağıq. Amma istəyirik ki, bayram əhval-ruhiyyəsi ilə insanların öz haqlarının müdafiəsi uğrunda mübarizədə nikbin olduğunu göstərək" - deyə Namazov bildirib.

Onun sözlərinə görə, mitinqdə canlı musiqilər ifa olunacaq. Mahnıların sözləri isə məhz insan haqları, sosial-siyasi şüarlarla bağlı olacaq.

Dekabrın 9-da "Ukrayna" meydanında saat 14.00-dan 17.00-dək keçirilməsi planlaşdırılan mitinqlə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunacaq. Namazov əlavə edib ki, mitinqə siyasi partiyalar, müxalifət təmsilçiləri də dəvət olunacaq.

İndiyədək iri miqyaslı mitinqləri yalnız siyasi partiyalar keçirib, gənclər və media qurumları isə kiçik piket və etiraz aksiyaları keçiriblər. Bu, ictimai qurumların təşkil etdiyi ilk mitinq olacaq.

Xəbər lenti

Xəbər lenti