...

İctimai qurumların üst-üstə düşən mitinqləri anlaşılmazlıq yaradıb

Siyasət Materials 22 Noyabr 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir neçə ictimai təşkilatın insan haqlarının müdafiəsi günü ilə bağlı dekabrın 9-na təyin etdiyi mitinq "Azərbaycan yolu" Hərəkatının Türkiyəyə dəstək məqsədilə planlaşdırıdığı mitinqlə üst-üstə düşür.

Trend in məlumatına görə, hər iki mitinqin Bakının "Ukranya" meydanında, saat 14.00-dan 17.00-dək keçirilməsi planlaşdırılır.

Beş ictimai qurumun təşkilatçılığı ilə insan haqları gününə həsr olunan mitinq əvvəlcə 10 dekabra təyin edilmişdi. Lakin ötən gün aksiyanın təşkilatçıları mitinqin vaxtını dəyişdirərək 9-na təyin ediblər.

"Azərbaycan yolu" hərəkatının sədr müavini Şəmsəddin Rəhimli Trend ə bildirib ki, onların təşkilatı 10 gün əvvəl mitinqləri barədə KİV-lərə məlumat yayıblar və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər: "Buna görə də digər təşkilatların nəyə görə həmin günə mitinq təyin etməsi bizim üçün gözlənilməz və anlaşılmazdır" - deyə Rəhimli bildirib.

O əlavə edib ki, "Azərbaycan yolu" Hərəkatı öz qərarını dəyişməyəcək və mitinqini güzəştə getməyəcək. Rəhimlinin fikrincə, Eldar Namazovun əsas təşkilatçılarından biri olduğu digər mitinqin keçirilməsini onun prezident seçkisi marafonuna start verməsi kimi qiymətləndirir: "Biz heç kimin seçki kampaniyasında iştirak etməyəcəyik" - deyə "Azərbaycan yolu" Hərəkatının nümayəndəsi bildirib.

Məsələ ilə bağlı Trend ə açıqlama verən Namazov isə bildirib ki, onların "Azərbaycan yolu" Hərəkatının 9 dekabr mitinqi barədə məlumatları yoxdur. Namazov bildirib ki, üst-üstə düşən mitinqlər barədə qarşı tərəflə danışıqlar aparacaq və məsələlərə aydınlıq gətiriləcək.

Xəbər lenti

Xəbər lenti