...

Müxalifət iqtidara düşmən münasibət bəsləməməlidir – müxalifət partiyasının sədri

Siyasət Materials 24 Noyabr 2007 14:39 (UTC +04:00)
Müxalifət iqtidara düşmən münasibət bəsləməməlidir – müxalifət partiyasının sədri

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Cəmiyyətdə mövcud olan problemlər zor, qarşıdurma müstəvisində deyil, sivil qaydada, danışıqlar və dialoq yolu ilə həll olunmalıdır. Bu barədə müxalifətçi "Ədalət" partiyasının şənbə günü Bakıda keçirilən 4-cü qurultayında partiyanın sədri, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü İlyas İsmayılov bildirib.

Qurultaya partiyanın 65 rayon və şəhər təşkilatından seçilmiş 347 nəfər qurultay nümayəndəsindən 339 nəfər qatılıb. Qurultayda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, həmçinin hakim Yeni Azərbaycan və hakimiyyətyönlü partiyaların nümayəndələri iştirak ediblər.

Qurultayı idarə edəcək rəhbərlik formalaşdırıldıqdan sonra sədr İsmayılovun hesabatı dinlənilib.

İsmayılov qeyd edib ki, Ədalət Partiyasının 3-cü qurultayı 2001-ci ildə keçirilib. Həmin qurultayda qarşıya qoyulan əsas məqsəd bütün rayon və şəhərlərdə partiyanın strukturlarını yaratmaq olub: "Biz buna nail olduq". Sədr qeyd edib ki, partiyanın 4-cü qurultayı 2005-ci ildə keçirilməli olduğu halda, bu tədbir 2 il gecikib.

O, Azərbaycanda müxalifət partiyalarının, həmçinin Ədalət Partiyasının fəaliyyətinə obyektiv maneçilik törədən bir sıra amilləri qeyd edib. İsmayılov bunların sırasında partiyaların sosial sifariş əsasında yaranmamasını, siyasi təşkilatların ideya deyil, şəxslər ətrafında formalaşmasını, ölkədə mövcud olan siyasi durğunluq və vətəndaş biganəliyini, partiyaların işinə icra hakimiyyəti strukturlarının müdaxiləsini və maliyyə imkanlarının olmamasını göstərib.

"Biz muxalifət partiyasıyıq. Öz məramımız uğrunda mübarizə aparırıq. Bu o demək deyil ki, müxalifət iqtidarın bütün addımlarına düşmən münasibət bəsləməlidir. Dövlətin, xalqın rifahına yönəlmiş istənilən tədbir kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, dəstəklənməlidir " - deyə İsmayılov əlavə edib.

Qurultay işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti