...

Müxalifət prezident seçkiləri ilə bağlı vahid mövqeyə gəlməlidir – millət vəkili

Siyasət Materials 5 Dekabr 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifəti təmsil edən deputatlar müxalifət partiyalarını prezident seçkisində iştirak edib-etməməklə bağlı vahid mövqeyə gəlməyə çağırır. "Əslində müxalifətin prezident seçkisinə yanaşmada bir neçə hissəyə parçalanmasına, seçkidə iştirak etmək istəyənlərlə, bunun əleyhinə olanların bir-birini ittiham etməsinə heç bir əsas yoxdur. Belə bir parçalanmanın yaranması proseslərə təsir etmək imkanı olan aparıcı müxalifət partiyalarının, birliklərinin və liderlərinin günahı və səhvidir" - deyə çərşənbə günü Trend ə açıqlamasında Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib.

Müxalifətin aparıcı partiyaları və birlikləri Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi və Liberal partiyalarının təmsil olunduğu "Azadlıq" bloku, Parlamentdə dörd deputatla təmsil olunan Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası və hazırda mühacirətdə olan eks-spiker Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası, Milli İstiqlal, Ədalət, Ümid partiyalarıdır.

Müxalifət partiyaları prezident seçkisində iştirak etməklə bağlı vahid mövqeyə gələ bilmir. "Azadlıq" bloku seçki qanunvericiliyinin və seçki komissiyalarının tərkibi dəyişməyincə seçkidə iştirak etməyin əleyhinə olduğu halda, Müsavat, Ümid partiyaları prosesə qatılmaq haqqında qərar verib.

Hüseyn hesab edir ki, bütün müxalifət partiyaları heç bir şərt irəli sürmədən birgə forum keçirib məsələni müzakirə etməlidirlər: "Bu müzakirələrdə vahid mövqeni formalaşdırmaq mümkündür. Ən azı seçkidə iştirak etmək istəyənlərlə, bunun əleyhinə olanlar bir-birinə düşmən mövqedən çıxış etməmək haqqında razılığa gələ bilərlər".

Millət vəkili bildirib ki, seçkidə iştirak etmək istəməyənlərin arqumentləri əsassız sayıla bilməz: "Amma seçkidə iştirak etmək daha yaxşı olardı və vacibdir".

Azərbaycanda prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti