...

Azərbaycan və AŞ "Korrupsiya ilə mübarizə strategiyasına dəstək" texniki yardım layihəsini reallaşdırmağa başlayıb

Siyasət Materials 10 Dekabr 2007 12:48 (UTC +04:00)
Azərbaycan və AŞ     "Korrupsiya ilə mübarizə strategiyasına dəstək" texniki yardım layihəsini reallaşdırmağa başlayıb

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan hökuməti və Avropa Şurası (AŞ)

"Azərbaycanda korrupsiya ilə mübarizə strategiyasına dəstək" texniki yardım layihəsinin başlanmasına dair müqavilə imzalayıb.

Şənbə günü AŞ-nın Bakı ofisindən verilən məlumata görə, layihə AŞ və Cənubi Qafqaz arasında əməkdaşlıq proqramının bir hissəsidir.

İki illik proqram çərçivəsində korrupsiya ilə mübarizə üzrə beynəlxalq strukturların tövsiyələrinin reallaşdırılması üçün Azərbaycan hökumətinə yardım göstəriləcək. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, Korrupsiya Qarşı Mübarizə üzrə Dövlət Komitəsinin sədri Ramiz Mehdiyev bildirib ki, korrupsiya Azərbaycan hökumətinin qarşısında duran mühüm problemlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində bu kimi neqativ hallarla mübarizədə ciddi addımlar atır.

Son beş ildə Azərbaycanda korrupsiya ilə mübarizə üzrə praktiki tədbirlər görülüb: mühüm qərarlar qəbul olunub, ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilib, korrupsiya faktlarının aşkar edilməsi məqsədi ilə monitorinqlər aparılıb.

Mehdiyevin bildirdiyinə görə, Azərbaycanda 2007-2011-ci illərdə şəffaflığın artırılması və korrupsiya ilə mübarizə üzrə Milli strategiya həyata keçirilir. Hökumət gələcəkdə də beynəlxalq strukturlar ilə əməkdaşlıq etməyə hazırdır və bu gün Avropa Şurası ilə əməkdaşlığa dair imzalanan memorandum yeni imkanlar açacaq.

Xəbər lenti

Xəbər lenti