Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycanda kriminogen durum nəzarətdədir. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib.
Son 2 ayda Azərbaycanda odlu silahdan 5-dən artıq qətl hadisəsi törədilib. Bunlardan ikisinin sifarişli qətl olduğu müəyyənləşib. Azərbaycanın baş prokuroru dünən jurnalistlərə bildirib ki, Bakıda törədilən sifarişli qətllərin üstünün açılması üçün Rusiyaya istintaq qrupu ezam edilib.
Nazir müavini son vaxtlar paytaxtda və respublikada kriminogen durumun gərginləşməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib. DİN rəsmisi Azərbaycanın MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə ən sabit ölkələr sırasında olduğunu deyib. Onun sözlərinə görə, respublikada hər 100 min nəfərə düşən cinayətlərin sayı orta hesabla 200-220 təşkil edirsə, qonşu respublikalarda bu göstərici ən azı 320-350 nəfərdir. Həmçinin respublikada il ərzində qeydə alınan 18-20 min cinayətin 10 faizi ağır cinayətlərdir və qeydə alınan cinayətlərin 90-92 faizinin üstü açılır.