Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları bələdiyyələri qanunsuz işlərlə məşğul olmaqda ittiham ediblər. "Azərbaycanda elə bələdiyyələr var ki, bir ərazidə yerləşən torpaq sahəsinin 3-4 vətəndaşa satılması haqqında sərəncam verir", -deyə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, deputat Fəzail İbrahimli bildirib.
Komissiyanın çərşənbə günü keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş şöbəsinin 2007-ci ilin yekunları ilə bağlı hesabatı müzakirə olunub. Hesabat Azərbaycan bələdiyyələrinin 2007-ci ildəki fəaliyyəti ilə bağlıdır.
"Elə bələdiyyələr var ki, nəinki sadə vətəndaşları, dövlət orqanlarını və deputatları da aldadırlar. Buna misal kimi hazırda həbsdə olan Binəqədi rayon bələdiyyəsinin keçmiş sədrini göstərə bilərəm. Mənə müraciət edən vətəndaşlar bildirirlər ki, bələdiyyənin hesabına pul köcürsələr də, neçə ildir ki,torpaq sahəsi ala bilmirlər", - deyə deputat qeyd edib.
İbrahimli bələdiyyə sədrlərini qanunsuz yolla əldə etdikləri pul hesabına özlərinə evlər, villalar və bağlar tikdirməkdə ittiham edib.
Komissiyanın sədri Arif Rəhimzadə qeyd edib ki, Azərbaycanda 150 qəsəbə bələdiyyəsi var: "Qəsəbə bələdiyyələrində təmsil olunan şəxslərin 30 faizinin ali təhsili yoxdur. Ona görə də bələdiyyə üzvləri qanunu yaxşı bilmirlər. Bələdiyyələrin qanunu pozması bir çox hallarda qanunu bilməməkdən irəli gəlir".
Komissiya sədri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş şöbəsinin fəaliyyətini də ciddi tənqid edib. O qeyd edib ki, Ədliyyə Nazirliyinin işi bələdiyyələrdə baş verən qanun pozuntuları ilə bağlı protokol tərtib edib, onu prokurorluğa göndərmək deyil: "Belə qanun pozuntularının baş verməsinin qarşısını almaq lazımdır".
Deputat Tahir Rzayev isə bildirib ki, qanuna görə, bələdiyyələr ayda iki dəfədən az olmayaraq iclas keçirməli və qəbul etdikləri aktları Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş şöbəsinə göndərməlidirlər.
"Azərbaycanda 2757 bələdiyyə var. Onlar ayda bir dəfə iclas keçirib, akt qəbul etsələr, bu, ildə 30 mindən artıq akt deməkdir. Lakin hesabatda bələdiyyələr 2007-ci ildə 17 min 522 akt qəbul ediblər. Buradan aydın olur ki, bələdiyyələr ya qanunda nəzərdə tutulduğu kimi fəaliyyət göstərmirlər, ya da qəbul etdikləri aktları gizlədirlər", -deyə Rzayev əlavə edib.
Onun sözlərinə görə, Xaçmaz, Quba və Qərb rayonları istisna olmaqla, digər bələdiyyələr maarifləndirmə kurslarında iştirak etməkdən imtina edirlər: "Bələdiyyələrə elə gəlir ki, bütün məsələləri bilirlər. Lakin təcrübə onu göstərir ki, bu belə deyil".
Deputat Rüstəm Xəlilov isə hesab edir ki, bir neçə ildir ki, yaradılsa da, bələdiyyələr problemlərin həlli üçün iş görmürlər: "Bələdiyyələrin nə işlə məşğul olduğu məlum deyil".
Onun sözlərinə görə, bələdiyyə üzvlərinin əksəriyyətinin ali təhsili yoxdur: "Bələdiyyə üzvlərinin təhsili aşağı olduğuna görə, qanunları bilmirlər."