Azərbaycan, Bakı, 15 fevral/ Trend İ.Əlizadə/ Azərbaycanda müxtəlif təşkilatların, şirkətlərin, mağaza və restoranların binalarının üzərində asılan xarici ölkələrin bayraqları yığışdırılacaq. "Bəzi təşkilatlar xaricilərlə işlədikləri görüntüsü yaratmaq üçün, yerləşdikləri binaların üzərinə müxtəlif ölkələrin bayraqlarını asırlar. Bu zaman, Azərbaycan bayraqğını ya asmırlar, ya da keyfiyyətsiz asırlar", - deyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının cümə günü keçirilən iclasında komissiyanın sədri Səməd Seyidov bildirib.
Komissiyanın iclasında "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanun layihəsi müzakirə olunub.
Qanun layihəsi qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib.
Qanun layihəsində qeyd olunub ki, yalnız Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, konsulluqların və diplomatik nümayəndəliklərin binaları, diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin iş otağı, Azərbaycana səfərə gələn xarici dövlətlərin rəhbərlərinin və dövlət nümayəndə heyəti rəhbərlərinin, diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələrinin üzərində xarici ölkələrin bayraqları asıla bilər.
Qanun layihəsində göstərilən yerlərdən başqa, digər yerlərdə xarici ölkə bayraqlarının asılması qadağandır.
Layihədə qeyd olunub ki, Azərbaycan vətəndaşları, ölkə ərazisində olan əcnəbilər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar.
"Bu Qanunun qəbul olunması çox vacib və əhəmiyyətlidir. Çünki Azərbaycana gələn xarici təşkilatların sayı gündən-günə artır. Ona görə də Azərbaycanda xarici ölkələrin bayraqlarının asılması məsələsi qanunla tənzimlənməlidir", -deyə Seyidov əlavə edib.
Qanun qəbul olunduqdan sonra, Azərbaycanda vətəndaşların, hətta şəxsi mənzillərin eyvanından xarici ölkələrin bayraqlarını asmaq qadağan olunacaq.
Müzakirələrdən sonra komissiya qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması haqqında qərar qəbul edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ü[email protected]