...

Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ-29-un qalıqları və iki pilotun suyun dibindən çıxarılması hava şəraitindən asılıdır – nazir

Siyasət Materials 21 Fevral 2008 15:18 (UTC +04:00)
Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ-29-un qalıqları və iki pilotun suyun dibindən çıxarılması hava şəraitindən asılıdır – nazir

Azərbaycan, Lənkəran, 21 fevral / Trend , müxbir P.Əliyeva/ Yanvarın 29-da Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ-29-un qalıqları və iki pilotun suyun dibindən çıxarılması hava şəraitindən asılıdır.

"Hava şəraiti imkan verəndə yeri müəyyən edilən MiQ-29 qırıcı təyyarəsinin qalıqlarının çıxarılmasına başlanılacaq", deyə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə axşamı jurnalistlərə deyib.

Axtarışlara Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidmətinin əməkdaşları cəlb olunub. Bu günədək MiQ-29-un qalıqları və həlak olan pilotlardan birinin cəsədinin yeri müəyyənləşdirilib.

Heydərov deyib ki, təyyarənin qalıqlarının çıxarılması üçün lazımi texnika cəlb edilib.

Azərbaycan modernizə olunmuş MiQ-29 təyyarələrini keçən il Ukraynadan alıb. MiQ-29 təyyarələri Rusiyada istehsal olunur.

Rusiyanın təyyarə tikintisi korporasiyası MiQ-in ictimai əlaqələr İdarəsinin rəisi Yelena Lvova Trend -a qəzanın səbəbinin köhnəlmiş texnikanın satışı və istismarı ola biləcəyini söyləyib.

Lvov Aviasiya-Təmir Zavodundan bu gün Trend -a bildirilib ki, MiQ -29 təyyarələrinin təmiri və yeniləşdirilməsi üzrə işlər yüksək səviyyədədər.

"Biz yüzdən çox bu tipli təyyarəni təmir etmişik və yeniləşdirmişik. Bizim işlərimizin keyfiyyəti beynəlxalq sertifikatlar və Ukraynanın Müdafiə Nazirliyinin attestasiyaları ilə təsdiqlənib" - müəssisənin baş mühəndisi Roman Kaçmar deyib.

Azərbaycan HHQ-nin hava sərhədlərini qorumaq üçün istifadə etdiyi MiQ -29 təyyarələri təlim uçuşları zamanı Rusiya, Malayziya, Peru, Slovakiya və Ermənistan və Qazaxıstanda qəzaya uğrayıb.

MiQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MiQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti