...

Azərbaycanda bələdiyyə üzvü olmaq istəyənlərlə bağlı tələblər sərtləşdirilə bilər

Siyasət Materials 29 Fevral 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda bələdiyyə üzvü olmaq istəyən şəxslərlə bağlı tələblər sərtləşdirilə və ali təhsili olmayan vətəndaşların bələdiyyə seçkilərində namizəd kimi iştirakı qadağan oluna bilər. "Bələdiyyə üzvləri ali təhsili, nüfuzlu və təşkilatçılıq qabiliyyətinə malik insanlar olmalıdır. Hazırda vəziyyət çox gərgindir. Bələdiyyə sədrlərinin böyük əksəriyyətinin ali təhsili yoxdur" - deyə cümə günü Trend ə açıqlamasında Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib.

Azərbaycanda 2757 bələdiyyə var. 150 qəsəbə bələdiyyəsindən 50 faizinin rəhbərlərinin ali təhsili yoxdur.

Seçki Məcəlləsi ali təhsili olmayan şəxslərin bələdiyyə üzvü seçilməsinə icazə verir.

Komissiya sədri qeyd edib ki, ali təhsili olmayan bələdiyyə sədrləri və üzvləri qanunları oxumaq, onu dərk etmək və qanun çərçivəsində fəaliyyət göstərməkdə böyük çətinliklərlə rastlaşırlar: "Qanun hələlik ali təhsili olmayan vətəndaşların bələdiyyəyə seçilməsinə məhdudiyyət qoymadığına görə, biz bu məsələyə müdaxilə edə bilmirik. Əgər seçicilər belə şəxsləri bələdiyyəyə üzv seçirlərsə, onların maarifləndirilməsi, biliklərinin artırılması üçün ciddi işlər görülməlidir".

Rəhimzadə bildirib ki, bələdiyyə üzvləri nəhayət dərk etməlidirlər ki, bələdiyyə kiminsə işinin yaxşı getməsi və ya kiminsə qohumunu vəzifəyə təyin edilməsi üçün deyil: "Bələdiyyə əhalinin problemlərini həll etmək üçün yaradılan bir təşkilatdır. Bələdiyyəyə elə insanlar seçilməlidirlər ki, problemləri həll etməyə qadir olsunlar".

Xəbər lenti

Xəbər lenti