...

İrana təzyiqlər radikal qüvvələri aktivləşdirə bilər - İran politoloqu

Siyasət Materials 11 Mart 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı,11 mart / Trend , müxbir D.Xatınoğlu / İranın nüvə planına görə beynəlxalq aləmdən təcrid olunması radikal qüvvələrin dirçəlməsi üçün potensial şərait yaradır. "İrana təzyiqlər artsa, radikal qüvvələrin fəllaşma təhlükəsi istisna olunmur" - deyə iranlı politoloq Cəfər Mühəmmədi Trend a bildirib.

İran XİN rəhbəri Mənuçöhr Müttəki martın 9-da jurnalistlərə bildirib ki, ölkənin nüvə planına dair qəbul olunmuş yeni sanksiyalarla bağlı rəsmi Tehran tezliklə öz mövqeyini bildirəcək. Ölkənin XİN sözçüsü Məhəmmədəli Hüseyni isə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Çin və Rusiyanın İran əleyhinə yeni Qətnaməyə səs verməsilə bağlı bildirib ki, rəsmi Tehran bu ölkələrlə diplomatik əlaqələrini nə səviyyədə quracağını bir daha nəzərdən keçirəcək. İran politoloqları ölkənin beynəlxalq ictimaiyyətdən təcrid olunacağı ilə bağlı narahatlıqlarını bildirirlər.

İrana təzyiqlərin artması ölkədəki ifratçı qüvvələrin aktivləşməsi ilə nəticələnə bilər. "İrandakı ifratçı qüvvələr hakimiyyətin müəyyən orqanlarında güclənsə, rəsmi Tehranı MAQATE-nin "Nüvə silahına qarşı" konvensiyasından xaric olamğa məcbur edəcək. İran MAQATE-nin qanunları çərçivəsində addım atır və indiyədək ölkənin nüvə planının sülhməramlı olmamasına dair heç bir sübut aşkarlanmayıb. Qərbin qeyri-qanuni addımları İranın gözlənilməz addımlar atmasına səbəb olacaq" -deyə İranın "Əsr-İran" Analitik Agentliyinin direktoru Mohammadi bazar ertəsi Tehrandan telefonla bildirib.

Məhammadi əlavə edib ki, Qərb başa düşməlidir ki, İran hakimiyyətinə təzyiqlər, müharibə ilə nəticələnə bilər. "İrana qarşı təzyiqlərin davamı İranın Pakistan, Əfqanıstan və Şimali Koreya kimi təhlükə mənbəyinə çevrilməsi üçün əsas ola bilər. Hətta, ola bilsin ki, bir zaman gözlənilmədən İranda nüvə silahı sınaqdan keçirilsin. Qərb bunları nəzərə almalı, İranla sözdə deyil, əməldə qanun çərçivəsində müzakirələrə keçməli və razılığa gəlməlidir" - deyən İran politoloqu əlavə edib ki, İran hakimiyyəti və xalqı BMT TŞ-nin son Qətnaməsindən sonra dünya ictimaiyyətinə, xüsusilə Qərbə münasibətdə çox bədbin olub və bu, əslində bir təhlükənin başlanğıcıdır.

Digər iranlı politoloqu Hüseyn Lacəvərdi bu gün telefonla Trend a açıqlamasında bildirib ki, İranda radikal qüvvələr artıq hakimiyyətdədir və təhlükə realdır. "Mahmud Əhmədinejadın ölkə prezidenti seçilməsi radikal qüvvələrin tamamilə hakimiyyəti ələ keçirməsi ilə nəticələnib. Radikal qüvvələrin hakimiyyətə gəlməsində Qərb deyil, İranın daxilində əhalinin hakimiyyətdən narazılığı səbəb olub. İrandakı radikal qüvvələr daxili münaqişələri aradan qaldırmaq üçün xarici böhrana, müharibəyə ehtiyac duyur" - deyə İran Tədqiqatçılar Assosiasiyasının sədri Lacəvərdi Parisdən bildirib.

BMT Təhlükəsizlik Şurası martın 3-də İrana qarşı üçüncü Qətnaməni qəbul edib. BMT TŞ-nin 14 qeyri-daimi üzvü yeni Qətnamənin tətbiqinin lehinə səs verib, İndoneziya isə bitərəf mövqe tutub.

BMT TŞ İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edib.

Xəbər lenti

Xəbər lenti