...

Bıçaqlanan jurnalist xəstəxanadan evə buraxılıb

Siyasət Materials 17 Mart 2008 14:56 (UTC +04:00)
Bıçaqlanan jurnalist xəstəxanadan evə buraxılıb

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.İlhamqızı/ Naməlum şəxslər tərəfindən bıçaqlanan "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil bu gün artıq xəstəxananı tərk edib.

Bu barədə Trend ə müxbirlə görüşdən sonra Redaktorlar Birliyinin üzvləri məlumat veriblər.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, jurnalistin bıçaqlanması faktı ilə əlaqədar bu gün Redaktorlar Birliyinin toplantısı keçirilib. Redaktorlar hadisəni pisləyən bəyanat qəbul ediblər, sənəddə Aqil Xəlilin sağalması üçün bütün lazımi tədbirlərin görülməsi və günahkarların tapılaraq cəzalandırılması tələb olunur.

Toplantıdan sonra redaktorlar xəstəxanada müxbirə baş çəkiblər, onun həkimləri ilə danışıblar. Əliyevin sözlərinə görə, həkimlər xəstənin vəziyyətinin qənaətbəxş olduğunu, müalicəsini ev şəraitində davam etdirə biləcəyini deyiblər.

Xəstə isə redaktorlarla söhbətində bildirib ki, həkimlər, polislər onun xəstəxanadan tez çıxmasına çalışırlar.

"Aqil Xəlil hesab edir ki, hələ yarası sağalmayıb və xəstəxanada qalmalıdır. Lakin onun evə tez buraxılmasına çalışdıqları üçün o, artıq xəstəxananı tərk etməyə qərar verdi" - deyə Əliyev bildirib.

Martın 13-də saat 20.00 radələrində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə ürək nahiyəsindən bıçaq zərbəsi vurulub. Müxbir Klinik Tibbi Mərkəzə aparılıb və cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128-ci maddə) maddəsi ilə cinayət işi başlanılıb, cinayətin motivi hələlik bəlli deyil və istintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti