...

Azərbaycanın Hesablama Palatası əməkdaşlarının əmək haqları artırılacaq

Siyasət Materials 18 Mart 2008 19:19 (UTC +04:00)
Azərbaycanın Hesablama Palatası əməkdaşlarının əmək haqları artırılacaq

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti yanında Hesablama Palatası əməkdaşlarının əmək haqları artırılacaq. "Hesablama Palatası əməkdaşlarının əmək haqları aşağıdır. Effektiv fəaliyyət göstərmək üçün əməkhaqlarının artırılmasına ehtiyac var", -deyə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.

Komissiyanın iclasında "Hesablama Palatası haqqında" Qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Əsədov qeyd edib ki, dünyanın əksər ölkələrində Hesablama Palatası əməkdaşlarının əmək haqları Parlament Aparatı, Prezident Aparatı və Nazirlər Kabineti Aparatının əməkdaşlarının əmək haqları (20%-də əlavə) eyni miqdarda olur.

"Qanuna təklif olunan dəyişiklikdə Hesablama Palatası əməkdaşlarının əmək haqlarının Milli Məclis Aparatı əməkdaşlarının əməkhaqqı miqdarında olması nəzərdə tutulub", -deyə Palatanın sədri əlavə edib.

Dəyişikliyə əsasən, Palatanın sədri Milli Məclis sədrinin birinci müavini, Palata sədrinin müavini Milli Məclis sədrinin müavini, Palatanın auditorları parlamentin daimi komissiya sədrləri, palatanın işçiləri isə, parlament Aparatının əməkdaşları qədər aylıq maaş və təminatlar alacaqlar.

Onun sözlərinə görə, Hesablama Palatası dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlamaq üçün 80 -ə yaxın cədvəl forması hazırlayıb. Əsədov bildirib ki, Palata həmin cədvəlləri dövlət orqanlarına göndərir. Lakin bir çox hallarda dövlət orqanları cədvəlləri vaxtında Hesablama Palatasına qaytarmır. Qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət orqanları bir ay müddətində cədvəlləri Palataya qaytarmalıdırlar. Hesablama Palatası sədri öz qərarı ilə bunu etməyən idarə və təşkilatların xəzinə və bank hesabları (qanunvericilikdə nəzərdə tutulan müdafiə olunan xəzinə və bank hesabları istisna olunmaqla) üzrə hesablaşma əməliyyatlarının dayandırılması barədə təqdimatlar verir.

Başqa bir dəyişiklikdə isə, Naxçıvan Muxtar Respublikasında Hesablama Palatasının yaradılması nəzərdə tutulub.

Komissiya dəyişiklikləri təsdiqləyib və Milli Məclisdə müzakirəyə çıxarılması tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti