...

Azərbaycanda Novruz Bayramı qeyd olunur

Siyasət Materials 20 Mart 2008 11:56 (UTC +04:00)

Azərbaycanda Novruz Bayramı qeyd olunur. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 28-dək Azərbaycanda qeyri-iş günləri hesab olunur.

Novruz - bir bayram kimi baharın gəlişi münasibətilə geniş miqyasda qeyd olunur və insanlara xoş ovqat bəxş edən təbiət hadisəsinə - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə, Günəşin bir illik dövrünə əsaslanır.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 il hesab edirlər.

Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə, bu 12 günün hər birinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə qeyd olunub.

İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudəki, İbn- Sina, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruzun tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.

Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu; hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin çərşənbə axşamı --Su çərşənbəsi, Od çərşənbəsi, Torpaq çərşənbəsi və Axır çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yer, dördüncü çərşənbədə küləyin köməyilə ağaclar cücərir və baharın gəlişindən xəbər verir.

Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kosa-kosa" - meydan məzəli oyunu (baharın gəlişinin rəmzi) və falabaxmanı qeyd etmək olar.

Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan, Odlar ölkəsi kimi,odla bağlı zəngin ənənələrə malikdir və od saflaşma, təmizlənmə əlaməti hesab olunur. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə, yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə bağlı ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axır çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Təzə il axşamı hər kəs bu sudan içərdisə, Təzə ildə bütün xəstəliklərdən uzaq olardılar.

Novruzun kulminasiyası köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda, ənənəyə görə, Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlişini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsilə Günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anı elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı".

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfilə başlayan yeddi növ xörək olmalıdır. Süfrədə, həmçinin, sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa, masanın üstünə güzgü və şamlar, güzgünün üstünə isə, boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir ( bu,insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə, bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: " Bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə, bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçəcəyini: quru yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə, Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Birinci gün küləksiz və yağmursuz olarsa, deməli, bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə, yağmurlu, külək olsa, deməli, bütün yaz belə olacaq. Qalan üç gündə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.

Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlığını özündə cəmləşdirən bayramdır.

Xəbər lenti

Xəbər lenti