Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.Hüseynli/ Bakı yol polisi piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə, səkilərdə ticarət predmeti ,tikinti materiallarının qoyulması, reklam edilməsi və satılmasının qarşısını almağa başlayıb. Bu barədə şənbə günü Trend a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov məlumat verib.
"Yol hərəkəti haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə əsasən, piyada səkilərində ticarət predmeti, tikinti materiallarının qoyulması, reklam edilməsi və satılmasına icazə verilmir.
Əsədov deyib ki, reydlər zamanı piyada səkilərində ticarət predmeti, tikinti materiallarının qoyulması, reklam edilməsi və satılmasını həyata keçirən fiziki şəxslər şərti maliyyə vahidinin (1 manat 10 qəpik) 80 mislindən 100 mislinə, hüquqi şəxslər 400 mislindən 500 mislinə, vəzifəli şəxslər 3000 mislindən 4000 mislinədək cərimələnəcək.