...

Azərbaycanda qəzaya uğramış MIQ-29-un "qara qutu"sunda qeydə alınan proseslər dəqiqləşdirilir

Siyasət Materials 30 Mart 2008 13:44 (UTC +04:00)
Azərbaycanda qəzaya uğramış MIQ-29-un "qara qutu"sunda qeydə alınan proseslər dəqiqləşdirilir

Azərbaycan, Bakı, 30 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanda qəzaya uğramış MIQ-29 hərbi təyyarəsinin "qara qutu"sunda qeydə alınan bütün proseslər dəqiqləşdirilir. Bu barədə bazar günü mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Yanvarın 29-da Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 qırıcı təyyarəsi Xəzər üzərində qəzaya uğrayıb. Qəza zamanı təyyarənin hər iki pilotu həlak olub. Fevralın 17-də pilotlardan birinin cəsədi və təyyarənin qalıqları tapılıb. Axtarışa Fövqəladə Hallar, Müdafiə nazirliklərinin, Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidmətinin mütəxəssisləri cəlb olunublar.

Azərbaycan keçən il modernizə olunmuş MiQ-29 təyyarələrini Ukraynadan almışdır. MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Rusiyanın Təyyarə Tikintisi Koorporasiyası MiQ-in İctimai Əlaqələr İdarəsinin rəisi Yelena Lvova Trend a qəzanın səbəbinin köhnəlmiş texnikanın satışı və istismarı ola biləcəyini söyləyib.

Sabiroğlu bildirib ki, MİQ-29-un "qara qutu"sunun oxunması mürəkkəb prosedur olduğundan, onun tam oxunması bir müddət çəkəcək. Onun sözlərinə görə, qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsindəki pilotlardan biri olan Fəxrəddin Əsgərovun cəsədinin tapılması üçün axtarışlar davam etdirilir və axtarışların nəticə verəcəyinə ümid var.

MN mətbuat xidməti deyib ki, hadisə ilə bağlı həbs edilən yoxdur.

Azərbaycan HHQ-nin hava sərhədlərini qorumaq üçün istifadə etdiyi MiQ -29 təyyarələri təlim uçuşları zamanı Rusiya, Malayziya, Peru, Slovakiya, Ermənistan və Qazaxıstanda qəzaya uğrayıb.

MiQ-29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilib. MiQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti