...

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası yayda keçiriləcək

Siyasət Materials 1 Aprel 2008 13:00 (UTC +04:00)

Fransa, Strasburq, 01 aprel / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin növbəti iclası iyunun sonlarında qurumun yay sessiyası çərçivəsində Strasburqda keçiriləcək. Bu barədə Trend a bu gün AŞPA-nın Siyasi məsələlər üzrə Komitəsinin katibi Aqneşka Naçilo (Agnieszka Nachilo) məlumat verib.

2005-ci ilin yanvarında AŞPA ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə haqqında 1416 (2005) saylı Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vurğulanıb, münaqişənin sülh yolu ilə həll olunmasına dair tövsiyələr irəli sürülüb. AŞPA Qətnamənin icrasına nəzarət etmək üçün Alt Komitə yaradıb. Komitəyə AŞPA-nın Böyük Britaniyalı deputatı lord Rassel Jonston rəhbərlik edir.

"Iclasda Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, Alt Komitə rəhbərinin bölgəyə son səfərinin nəticələri müzakirə olunacaq" - deyə o bildirib.

Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti çərçivəsində Azərbaycan və Ermənistanı təmsil edən deputatların iştirakı ilə iclasın keçirilməsi AŞPA-nın cari ilin yaz sessiyası gedişində aprel ayının 18-nə planlaşdırılmışdı, lakin bu iclas fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar təxirə salınıb. Onun vaxtının dəyişdirilməsi Komitə rəhbərinin 8-9 fevral 2008-ci il tarixlərində regiona səfəri zamanı qərara alınıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-sı həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti