...

Azərbaycanda prezident seçkisinin müşahidəsi üçün könüllülər bir araya gəlirlər

Siyasət Materials 4 Aprel 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir C.Babayeva/ Seçki Monitorinq Mərkəzi (SMM) Azərbaycanda keçiriləcək prezident seçkilərinin azad, demokratik və ədalətli keçirilməsi məqsədilə seçkilərin uzunmüddətli və qısamüddətli müşahidəsini, seçicilərin fəallığının artırılması və məlumatlandırılması məqsədilə könüllülər cəlb edir. Bu barədə cümə günü Trend a SMM-in proqram sahələri üzrə direktoru Bəşir Süleymanlı məlumat verib.

Azərbaycanda prezident seçkiləri bu ilin payızında keçiriləcək.

Könüllülük proqramına qoşulmaq üçün vətəndaşlar müvafiq ərizə formasını doldurmalıdırlar. Üstünlük tələbələrə və gənclər təşkilatlarının üzvlərinə veriləcək.

Süleymanlının bildirdiyinə görə, könüllülərin fəaliyyət ərazisi SMM-in bölgə nümayəndəliklərinin yerləşdiyi Azərbaycanın şəhər və rayonlarını əhatə edəcək.

"SMM müvafiq seçki komissiyalarında qeydiyyata alındıqdan sonra, müşahidəçilər Mərkəzin təlimatına əsasən fəaliyyət göstərəcəklər" - deyə Süleymanlı bildirib.

SMM qeyri-hökumət təşkilatıdır. 2001-ci ildə yaradılıb, bu ilin fevralında Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

SMM fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda keçirilən referendum, prezident, parlament və bələdiyyə seçkilərinin monitorinqini aparıb. Seçkinin nəticələrinə dair hesabat hazırlayaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim edib.

Xəbər lenti

Xəbər lenti