...

Azərbaycan sərhədini pozan 23 nəfər xarici vətəndaş həbs olunub

Siyasət Materials 7 Aprel 2008 13:51 (UTC +04:00)
Azərbaycan sərhədini pozan 23 nəfər xarici vətəndaş həbs olunub

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları mart ayında ölkənin sərhədlərini qanunsuz olaraq keçən və buna cəhd göstərən 23 nəfər xarici vətəndaşı həbs edib. "Dövlət sərhədlərinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mart ayında 37 nəfər saxlanılıb. Sərhəd pozucularının 13 nəfəri Azərbaycan, 8 nəfəri Gürcüstan, 6 nəfəri İran, 4 nəfəri Əfqanıstan, 3 nəfəri İraq, hər birindən bir nəfər olmaqla Türkiyə və Böyük Britaniya vətəndaşları və bir nəfəri vətəndaşlığı olmayan şəxslərdir", - deyə bazar ertəsi Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən verilən məlumatda bildirilib.

Bundan başqa, sərhəd zastavalarının xidməti ərazilərində 36 nəfər sərhəd rejimi qaydalarını pozduğu üçün saxlanılıb. Onlardan 35 nəfəri Azərbaycan, bir nəfəri isə Gürcüstan vətəndaşıdır.

15 nəfər isə saxta sənədlərlə sərhədi keçmək istəyərkən saxlanılıb: "Saxta sənədlərlə sərhədi keçmək istəyənlərdən beşi Azərbaycan, dördü Gürcüstan, üçü İraq, digərləri isə İran, Türkiyə və Böyük Britaniya vətəndaşlarıdır".

Eyni zamanda, 4 nəfər Azərbaycan vətəndaşı özgəsinə məxsus sənədlə sərhədi keçmək istəyərkən saxlanılıb. Bir Azərbaycan, bir Gürcüstan və bir nəfər vətəndaşlığı olmayan şəxs sərhədi gizli keçmək istəyərkən həbs olunub.

Mart ayında beş halda 14 kq. 635 qram narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb.

Xəzər dənizində 4 kəmi və 8 qayıq saxlanılaraq baxış keçirilib. Sərhəd rejimi qaydalarını pozduğu üçün səkkiz qayıqda 17 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

46 halda ümumi dəyəri təxminən 66 min 335 manat olan qaçaqmal saxlanılıb. Ay ərzində bir ədəd AKS-74 markalı avtomat, bir "Mina-Kral-2005" markalı tapança, altı ədəd 7,62 mm-lik patron aşkarlanaraq götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti