...

Müxalifət mərkəzində təmsil olunan partiya 12 may mitinqini Əsasnaməyə zidd hesab edir

Siyasət Materials 17 Aprel 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Yaşıllar Partiyası təmsil olunduğu Demokratik Seçki Mərkəzinin (DSM) mayın 12-nə planlaşdırdığı mitinqin tələbləri ilə razılaşmadığına görə mitinqi dəstəkləməyəcək. Bu barədə cümə axşamı Trend a Partiyanın sədri Mais Güləliyev bildirib.

Yanvarın 30-da doqquz müxalifət partiyası - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

DSM mayın 12-də - Bişkək sazişinin imzalandığı gün Bakının mərkəzi hissəsində mitinq keçirməyi planlaşdırır. Saziş əsasında Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs rejimi tətbiq olunur.

Aprelin 18-də DSM-in növbəti iclasından sonra mitinqin keçirilməsinə yerin ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Mitinq Azərbaycan ordusunda radikal islahatların həyata keçirilməsi və rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdüyü öhdəlikdən imtina etməsi çağırışı ilə keçiriləcək.

Güləliyevin sözlərinə görə, onun rəhbərlik etdiyi partiya Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin davam etdirilməsinin tərəfdarıdır.

"Mümkün olan qədər Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilməlidir", deyə Güləliyev bildirib.

Onun sözlərinə görə, DSM-in Əsasnaməsinə əsasən, Mərkəzdə təmsil olunan partiyalar yalnız seçki məsələləri ilə bağlı əməkdaşlıq etməlidirlər.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinqin keçirilməsi isə Mərkəzin Əsasnaməsinə ziddir", deyə Güləliyev deyib.

DSM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Orucun Trend a bildirdiyinə görə, DSM-in iki əsas sənədi - bəyannamə və Əsasnaməsi var.

"DSM-də təmsil olunan partiyaların Dağlıq Qarabağla bağlı birgə fəaliyyət göstərməsi bəyannamədə əks olunub. Yaşıllar partiyasının DSM-in mitinqinə qatılmaması səbəbinin heç bir əsası yoxdur", deyə Oruc bildirib.

DSM-də təmsil olunan Açıq Cəmiyyət Partiyası da mitinqə dəstək verməyəcəyini bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti