Azərbaycan, Bakı, 01 may / Trend , müxbir K.Zərbalıyeva/ ABŞ-ın Azərbaycandakı səfiri Seçki Monitorinq Mərkəzinin qeydiyyata alınacağına və mərkəzin seçkilərdə monitorinq aparacağına ümid edir. Səfir Enn Dersi cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.
Ədliyyə Nazirliyi Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edib.
Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi Xətai rayon məhkəməsinə müraciət edərək təşkilatın qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunması üçün müraciət edib. Mayın 5-də iddia ilə bağlı hazırlıq iclası keçiriləcək.
SMM ilk dəfə 14 mart 2006-cı ildə qeydiyyata alınması üçün təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.
Bu ilin fevralında isə SMM dövlət qeydiyyatına alınıb.
Nazirlik SMM-in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması, təşkilatın hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın nazirliyə bildirilməməsi, SMM-in Azərbaycanın 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi ilə əsaslandırıb.
Təşkilatın həmtəsisçisi Anar Məmmədli bildirib ki, Ədliyyə Nazirliyinin göstərdiyi məsələlər SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]