Azərbaycan, Bakı, 16 may / Trend , müxbir E.Babayev / Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) prezidentliyə namizədi öz ətrafında koalisiya yaratmaq istiqamətində iş aparır. "Təxminən 15 nəfərə yaxın cəmiyyətdə kifayət qədər tanınmış şəxslə danışıqlar aparmışam və heç birindən mənfi cavab almamışam", deyə cümə günü Trend ə ADP sədri Sərdar Cəlaloğlu deyib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Müxalifətdən ADP sədri Sərdar Cəlaloğlunun, Müsavat başqanı İsa Qəmbərin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları təşkilatlar tərəfindən irəli sürülüb. Politoloq Eldar Namazov isə müstəqil şəkildə iştirak edəcəyini açıqlayıb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini yaxın aylarda keçirilməsi gözlənilən qurultayında irəli sürmək niyyətindədir.
Cəlaloğlu deyib ki, danışıqlar apardığı şəxslər arasında başqa partiyaların tanınmış funksionerləri də var. "Kim mənim siyasi baxışlarımı, seçiləcəyim təqdirdə ona vercəyim vəzifəni qəbul etsə, onlarla saziş imzalanacaq. Eyni zamanda, mən onlara şərt qoymuram ki, öz partiyalarının əleyhinə çıxış etsinlər və seçkidə məni dəstəkləsinlər. Sadəcə olaraq deyirəm ki, öz partiyanızla birgə seçkiyə gedin, amma mən seçilsəm təklifimi qəbul edəcəksinizmi? "Hə" cavabı verənlə saziş imzalanacaq" deyen Cəlaloğlu əlavə edib ki, saziş layihəsi hazırdır. "Bu saziş mənim "kölgə kabineti"mdə olan hər bir şəxslə imzalanacaq. Sazişə əsasən qarşılıqlı öhdəliklər götürüləcək. Tam ümidliyəm ki, müxalifətin ümumi icra kabinetini yaratmağa nail olacağam", deyə o bildirib.
Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]