Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Babayev/ Azərbaycanda bu il tərtib olunan seçki siyahılarına erməni əsilli Azərbaycan vətəndaşlarının adlarını daxil etmək mümkün olmayıb. "Təəssüflər olsun ki, erməni əsilli Azərbaycan vətəndaşlarının adlarının seçki siyahılarına salınmasında beynəlxalq təşkilatlar effektli komək gostərə bilmədi" - Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə axşamı jurnalistlərə bildirib.
125 Dairə Seçki Komissiyası seçki siyahılarını dəqiqləşdirərək, MSK-ya təqdim edib. MSK isə mayın sonunda seçki siyahılarını dəqiqləşdirilməsini başa çatdıraraq, təsdiqləyəcək.
Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 4 milyon 600 mindən yuxarıdır.
122 saylı Xankəndi DSK-nın 4 mindən artıq seçicisi seçki siyahısına salınıb. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən 20 faiz ərazisində, o cümlədən Dağlıq Qarabağda Azərbaycan vətəndaşları səsvermə hüququndan istifadə edə bilmir.
Pənahov deyib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının adlarının seçki siyahılarına salınması ilə bağlı MSK bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət etsə də, müraciətləri cavabsız qalıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]