Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.Babayev/ Beş müxalifət partiyasının təmsil olunduğu müxalifətin Məşvərət Şurası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı bütün müxalifət düşərgəsinin mövqeyini özündə əks etdirən vahid sənəd hazırlamaq barədə qərar verib. "Toplantı gələn həftə keçiriləcək və ora bütün müxalifət partityaları, QHT rəhbərləri dəvət olunacaq",- deyə Trend a Məşvərət Şurasının çərşənbə günü keçirilən iclası barədə məlumat verən Azərbaycan Demokrat Partityasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Ötən il yaradılan Məşvərət Şurasında Demokrat, Müsavat, Tərəqqi, Milli İstiqlal partiyaları və Azərbaycan Naminə İctimai Forum təmsil olunur.
Cəlaloğlu bildirib ki, Seçki Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə müxalifət ayrı-ayrılıqda etiraz edir. Etiraz olunan məsələlərsə, eynidir. "Bundan başqa, indiyə qədər biz ayrı-ayrılıqda təkliflər vermişik. Qərara gəldik ki, bu təkliflər ümumiləşdirilsin və mayın 30-na kimi Milli Məclisə təqdim olunsun"- deyən Cəlaloğlu əlavə edib ki, tədbirə üç müxalifət partiyasını (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) özündə birləşdirən "Azadlıq" bloku da dəvət olunacaq. " Blok təklifimizi qəbul etməsə belə, toplantı keçiriləcək" -deyə o vurğulayıb.
"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə, Trend a deyib ki, blokun "beşlər"in dəvətini qəbul edəcəyi ehtimal olunmur. "Bizim seçkilərdə iştirak məsələsinə yanaşmamız fərqlidir. Biz seçkini boykot etmək niyyətindəyik, onlarsa seçkidə iştiraka üstünlük verirlər" - deyə Əliyev bildirib. Onun sözlərinə görə, cəmiyyəti aldadıcı nəticələrə aparan müzakirələrdə iştirak etmək doğru deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]