...

Azərbaycanın Yaşıllar Partiyası müxalifət qurumuna müraciət edib

Siyasət Materials 22 May 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Yaşıllar Partiyası müxalifətin Məşvərət Şurasına üzv olmaq üçün quruma müraciət edib. Bu barədə cümə axşamı Trend -a Partiyanın sədri Mais Güləliyev məlumat verib.

Ötən il yaradılan Məşvərət Şurasında Demokrat, Müsavat, Tərəqqi, Milli İstiqlal partiyaları və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur.

Güləliyevin sözlərinə görə, Yaşıllar Partiyasının Şuraya daxil olan müxalifət qurumları ilə ayrı-ayrılıqda kifayət qədər yaxın münasibətləri var. "Şurada təmsil olunan qurumlar Yaşıllar Partiyasının "beşlər" formatında təmsil olunmasına müsbət rəylərini bildiriblər. Yekun qərar Partiyanın üzvlük məsələsinin Müsavat partiyasının Ali Məclisinin iclasında müzakirə olunmasından sonra qəbul olunacaq", - deyə Güləliyev qeyd edib.

Güləliyevin bildirdiyinə görə, "beşlik" çərçivəsində olmasa da, Yaşıllar Partiyası prezident seçkisi ərəfəsində quruma daxil olan partiyalarla ikitərəfli, üçtərəfli əməkdaşlıq sazişləri imzalayacaq.

Yaşıllar Partiyası 9 müxalifət partiyasının ( Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbacyan, Açıq Cəmiyyət, Təkamül partiyaları) təmsil olunduğu Demokratik Seçki Mərkəzinin də (DSM) üzvüdür. Güləliyevin sözlərinə görə, Yaşıllar Partiyasının "beşliyə" üzv olması partiyanın DSM-də təmsil olunmasına qətiyyən mane olmayacaq.

"DSM-də təmsil olunan 9 partiya yalnız seçki məcəlləsinin təkmilləşdirilməsi və seçki prosesinin demokratikləşdirilməsi ilə bağlı birgə fəaliyyət göstərir. "Beşlər"də isə, birbaşa prezident seçkisində iştirakla bağlı məsələlər müzakirə olunur. İki koalisiya bir-birindən tamamilə fərqli məqsədlərə xidmət edir",- deyə partiya sədri bildirib.

Xəbər lenti

Xəbər lenti