...

Azərbaycan prezidenti Kiyev sammitinin nəticələrini müsbət qiymətləndirib

Siyasət Materials 23 May 2008 19:25 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 may/ Trend , müxbir Z.Novosvitski/ Azərbaycan prezidenti İlham Əliyev mayın 22-23-də keçirilmiş Kiyev enerji sammitinin nəticələrini müsbət qiymətləndirib.

"Hesab edirəm ki, bu sammitin nəticələri çox müsbətdir və əminəm ki, növbəti sammit üçün bizdə çox sayda müsbət informasiya olacaq", - İlham Əliyev Kiyev enerji sammitindən sonra yekun mətbuat konfransında bildirib.

3-cü enerji sammiti iştirakçıları işlərin yekunları üzrə qlobal energetika təhlükəsizliyi prinsipləri haqqında Kiyev bəyannaməsi, Xəzər-Qaradəniz-Baltik enerji tranziti məkanı haqqında birgə bəyanat, həmçinin Avro-Asiya neft nəqli dəhlizi layihəsi haqqında Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası və Ukrayna prezidentlərinin birgə bəyanatını imzalayıblar.

"Regionlarımızın elan etdiyi enerji dəhlizi bizi əməkdaşlığın gələcək inkişafına aparır. Nəqliyyat dəhlizi, humanitar dəhliz - bütün bunlar bizim ölkələrimiz arasında anlaşmanın yaxşılaşmasına səbəb olacaq və ümumi maraqlara xidmət edəcək", - İlham Əliyev söyləyib.

Bununla yanaşı, prezident sammit iştirakçıları arasında istehsalçıların, tranzitçilərin və enerji ehtiyatları istehlakçılarının olduğunu vurğulayıb. "Bu, enerji siyasətinin bütün komponentlərinin bir yerdə necə birləşməli olduğuna yaxşı nümunədir", - Azərbaycan dövlətinin rəhbəri bildirib.

İlham Əliyev vurğulayıb ki, neft və qaz istehsalçısı olan ölkə kimi Azərbaycan enerji təchizatı sahəsində əsas çağırışların həllinə çatıb və müxtəlif ölkələrin bazarlarına tədarükün diversifikasiyasına nail olub.

"Biz yalnız istehsalçı deyil, həm də istehlakçı tərəfdaş dostlarımızı dəstəkləmək üçün çox sıx işləyirik ki, istehlakçılar müsabiqəli, rəqabətli əsasda özləri üçün tədarükçü seçə bilsinlər", - Azərbaycan prezidenti bildirib.

Onun rəyinə görə, istehsalçılar, istehlakçılar və tranzitçilər üçün diversifikasiya ümumi uğurun əsas ilkin şərtidir.

"Hesab edirəm ki, bizim bugünkü diskussiyamızın ən uğurlu nəticələrindən biri bütün iştirakçıların səylərinin birləşdirilməsi və bizim dostluq, tərəfdaşlıq ideallarına sadiqliyimizdir. Bu, özümüz üçün nəzərdə tutduğumuz bütün məsələləri həll etməyə imkan verəcək", - İlham Əliyev sonda bildirib.

Xəbər lenti

Xəbər lenti