Azərbaycan, Bakı, 26 may/ , müxbir E.Babayev/ Azərbaycanın eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) müxalifəti mövqesizlikdə günahlandırıb. "Seçki Məcəlləsinə əlavə də dəyişiklikləri əsas gətirərək boykot yolu tutmaq doğru deyil. İstənilən seçki qanunvericiliyi ilə demokratik seçki keçirmək mümkündür", bazar ertəsi Trend -a ACP sədri Akif Şahbazov bildirib.
Trend -un arayışı: Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihənin bu ayın sonunda Milli Məclisdə qəbulu gözlənilir. Dəyişikliklər sırasında dövlət KİV-də təbliğatın qadağan olunması, namizədlər üçün depozitin 33 min manatdan 300 min manata qaldırılması, İnzibati Xətalar Məcəlləsinin tətbiqi nəticəsində namizədliyin qeydiyyatının ləğvinin sadələşdirilməsi kimi məsələlərin yer alması müxalifətin narazılığına səbəb olub və partiyalar daxilində boykota meyl artıb. Məcəllədə müxalifətin təklif etdiyi seçki komissiyalarının paritet əsasda formalaşdırılması əksini tapmayıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Üç partiyanın (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkini boykot etmək istəyir. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.
Şahbazov vurğulayıb ki, ACP Seçki Məcəlləsinə əlavə və dəyişiklikərə əhəmiyyətsiz məsələ kimi yanaşır. "Seçkinin keçirilməsi üçün əsas amil siyasi iradədir" deyən ACP sədri bildirib ki, Azərbaycan müxalifəti seçkiləri boykot etmək gücündə deyil. Hər hansı bir müxalif partiya yalnız seçkidə iştirak etməyə bilər, ancaq seçikini boykot edə bilməz. "Bizim seçkidə hansı formada iştirakımız barədə qərar isə gələn ay veriləcək" - deyə o əlavə edib.
"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə Trend -a bildirib ki, indiki seçki mühitində seçkiləri boykot etmək ən düzgün yoldur. Blok boykot qərarını verməklə kifayətlənməyəcək. Qurum bu qərarın icrası üçün iş aparacaq, cəmiyyətə müəyyən çağırışlar edəcək. "Cəmiyyətin ruhdan düşməməsi, mübarizəni davam etdirməsi üçün əlimizdən gələni edəcəyik" - deyə o əlavə edib.
Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]