Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifətinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı apardığı danışıqlar uğursuzluqla nəticələnib. "Biz istəyirdik ki, danışıqlar real qüvvələr arasında olsun və birgə sənəd də həmin qüvvələr tərəfindən qəbul edilsin, amma bu baş vermədi", deyə cümə axşamı Trend -a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Trend -un arayışı: Beş müxalifət partiyası (Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi, Azərbaycan Naminə İctimai Forum) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə sənəd hazırlamaq təşəbbüsü ilə çıxış edib. Onların bu təşəbbüsü üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku tərəfindən qəbul olunmayıb. Cümə axşamı özünü Azərbaycanın demokratik qüvvələri hesab edən 20-dən çox siyasi partiya, QHT, politoloqlar Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə sənəd yayıblar. Məlum olub ki, sənədə "beşlər" formatında təmsil olunan Müsavat və Demokrat partiyaları da imza atmayıblar.
Cəlaloğlu bildirib ki, ADP-nin bu sənədə imza atmamasının əsas səbəbi tərkiblə bağlıdır. Onun sözlərinə görə, əvvəlcədən danışıqların real qüvvələr arasında aparılması nəzərə alınmışdı. "Buna əməl edilmədi. Bizimlə baxışları kəskin fərqlənən qüvvələr bura cəlb olundu ki, bu da danışıqlara mənfi təsir göstərdi" - deyə o bildirib.
Müsavat Parttyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə cümə axşamı Trend -a ümumiyyətlə, belə bir tədbirin keçirilməsindən və bəyanatın verilməsindən xəbərsiz olduqlarını deyib. "Biz "beşlər" formatında olan digər partiyaların razılığı ilə Milli Məclisə Seçki Məcəlləsi ilə bağlı ayrıca qanun layihəsi təqim edəcəyik" - deyən Hacılı bəyanata hansı səbəblərdən imza atmamaları barədə əlavə şərh vermək istəməyib.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]