...

Azərbaycanın müxalifət bloku siyasi partiyaları seçkidə iştirak qərarlarına yenidən baxmağa çağırır

Siyasət Materials 3 İyun 2008 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir E.Babayev / Azərbaycanın müxalif "Azadlıq" bloku real müxalifət partiyalarını seçkidə iştirak qərarlarına yenidən baxmağa çağırır. "Biz onları Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərdən sonra, ölkənin demokratiya sahəsində geriləməsi prosesində iştirak etməməyə çağırırıq" - çərşənbə axşamı Trend -a blokun iclasından sonra açıqlama verən blokun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Trend arayışı: Parlament bu həftənin bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın 40 minə endirilməsi nəzərdə tutulur. Seçki təbliğatı 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib. Müxalifət əlavə və dəyişikliklərdən narazı qalıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyədək Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Əliyevin sözlərinə görə, blokun iclasında Seçki Məcəlləsi ilə bağlı geniş müzakirələr aparılıb və boykot taktitkasının doğru olduğu bir daha vurğulanıb. "Biz hesab edirik ki, Müsavat və Demokrat partiyalarının seçkidə iştirakı hakimiyyətə seçkiyə demokratik don geyindirməyə şərait yarada bilər" - deyən Əliyevin fikrincə, real müxalifət qüvvələri Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərdən sonra öz qərarlarına yenidən baxmalıdırlar. Çünki müxalifətin seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı ümidləri nəinki özünü doğruldub, əksinə, layihəyə müxalifətin imkanları məhdudlaşdıran maddələr salınıb.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə, çərşənbə axşamı Trend -a bildirib ki, təşkilatın strukturlarında seçkiyə gedib-getməməklə bağlı məsələ müzakirəyə çıxarılıb. Bu müzakirələrin sonu olaraq seçki ilə bağlı yekun qərar veriləcək.

ADP sədri Sərdar Cəlaloğlu isə, çərşənbə axşamı Trend -a bildirib ki, hələlik partiyanın seçkidə iştirakla bağlı qərarına baxmaq planlaşdırılmır.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti