...

Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri Bakıda toplanacaq

Siyasət Materials 9 İyun 2008 16:47 (UTC +04:00)

Fransa, Strasburq, 09 iyun / Trend , müxbir A. Məhərrəmli/ Bakıda Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirlərinin iştirakı ilə "Mədəniyyətlərarası dialoq: Avropada və ona qonşu olan regionlarda sülhün və davamlı inkişafın əsası kimi" mövzusunda konfrans keçiriləcək. Bu barədə Trend News-a AŞ Katibliyinin Mədəniyyət, mədəni və təbii irs üzrə Direktororluğundan məlumat verilib.

Konfrans bu il dekabrın 2-3-də keçiriləcək. Direktorluqdan bildirilib ki, sözügedən konfransın təşkili ilə bağlı məsələlər Mədəniyyət, mədəni və təbii irs üzrə Direktorluğun rəhbəri Robert Palmerin bu il martın əvvələində Bakıya səfəri zamanı Azərbaycanın əlaqədar qurumları ilə müzakirə edilib.

"Özünün əlverişli coğrafi mövqeyini nəzərə alan Azərbaycan tərəfi mədəniyyətarası dialoqda önəmli rol oynamaqla, bu prosesə öz töhfəsini vermək və körpü rolunu oynamaq niyyətindədir" - deyə Direktorluqdan bildirilib.

Konfransın işində Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirlərindən başqa, Ərəb ölkələri Təhsil, Mədəniyyət və Elm (ALECSO) , eləcə də İslam ölkələri Təhsil, Elm və Mədəniyyət (ISESCO) Təşkilatlarının Mədəniyyət nazirləri də iştirak edəcəklər. Bu konfrans AŞ-nin may ayında "Mədəniyyətlərarası dialoqa" dair qəbul etdiyi Ağ kitabda əksini tapan əsas prinsiplərin davamı kimi xarakterizə edilir.

Konfrans mədəniyyət sahəsində təmsil olunan yüksək vəzifəli şəxslər arasında birbaşa fikir mübadiləsi aparmağa, "İncəsənət adamları dialoqda" adlı yeni fəaliyyyət planına start verilməsinə (müxtəlif təşkilatların və qurumların ekspertlər, incəsənət xadimləri, rəssamlar və bu sahədən olan digər şəxslərin mədəniyyət və irs sahəsində öz aralarında fikir və təcrübə mübadiləsinə), eləcə də mümkün mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin əsasının qoyulmasına imkan verəcək. Sözügedən konfrans AŞ-nin "Mədəniyyətlərarası dialoqa  dair" qəbul etdiyi Ağ kitabın başlıca prinsiplərinə əsaslanacaq, yekun Bakı Bəyannaməsinin qəbul olunması ilə sona çatacaq.

Mədəniyyət nazirlərinin Bakı konfransındaAvropa Şurasının Baş Katibi Terri Devisin iştirakı da nəzərdə tutulur.

Konfransdan bir gün əvvəl, dekabrın 1-də Bakıda AŞ-nin Kompendium layihəsinin 10-cu ildönümünə həsr olunmuş ekspertlər səviyyəsində görüş keçiriləcək. Həmin gün Kiyev Təşəbbüsü regional proqramının milli əlaqələndiricilərinin 8-ci iclası keçiriləcək.

Trend -un arayışı: Kompendium layihəsi on-line formatında 42 ölkəni əhatə edən və daimi olaraq yenilənən müxtəlif ölkələrin mədəniyyət siyasəti sahəsində məlumatlarının və monitorinq sistemi barədə verilənlərin toplandığı məlumat bazasıdır.

Kiyev təşəbbüsü regional proqramı isə, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın əhatə olunduğu Cənubi Qafqaz və Qara dəniz regionunu əhatə edən bir mədəni əməkdaşlıq proqramıdır. Bu təşəbbüs çərçivəsində, müxtəlif layihələrin həyata keçirilməsi, milli qanunvericiliyin və siyasətin təkmilləşdirilməsi, müvafiq əlaqədar qurumların potensialının artırılması, habelə peşəkar təlimlərin keçirilməsi və s. öz əksini tapıb.

Əsas diqqətin mədəniyyət və incəsənət yolu ilə müxtəlif dinlərin və mədəniyyətlərin arasında anlaşmanın və dialoqun təşviq edilməsinə yönələcəyi konfransda "Müxtəlifliyin idarə olunmasının yeni konsepsiyaları: mədəniyyətlərarası dialoqa dair mədəniyyət siyasəti proqramları və təşəbbüsləri", eləcə də davamlı inkişaf naminə irs və mədəniyyətlərarası dialoq kimi mövzular müzakirə olunacaq.

Bakı Konfransına dair AŞ Nazirlər Komitəsində aparılan fikir mübadilsindən sonra, Mədəniyyət, mədəni və təbii irs üzrə Direktorluğun, eləcə də Mədəniyyət üzrə Baş Komitənin üzvlərinin bu ilin 7-9 iyulunda Bakıya səfəri zamanı Azərbaycan Mədəniyyət Nazirliyinin məsul şəxsləri ilə konfransa hazırlıq məsələləri bir daha müzakirə olunacaq.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti