Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 450 min nəfərə çatıb. Bu barədə bazar ertəsi Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Təkcə 2008-ci ilin 5 ayı ərzində partiya sıralarına 16 mindən artıq yeni üzv qəbul olunub. YAP hesab edir ki, bu partiyanın üzvlərinin 450 minə çatması faktı xüsusilə, prezident seçkiləri ərəfəsində ölkənin həyatında çox mühüm siyasi əhəmiyyət daşıyacaq qədər önəmlidir. "Bu faktın özü bir daha sübut edir ki, YAP sıralarına qoşulan hər bir vətəndaş, eyni zamanda bir seçici kimi, qarşıdan gələn prezident seçkilərində artıq öz seçimini edib. YAP üzvlərinin sayının belə bir templə artımı, ilk növbədə, partiyanın banisi və qurucusu ümummilli lider Heydər Əliyevin ideyalarına və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident və YAP sədri cənab İlham Əliyevə ümumxalq etimadının parlaq nümunəsidir. YAP-a getdikcə daha çox marağın yaranmasını şərtləndirən ən başlıca amillərdən biri Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun uğurlu nəticələri və bunun məntiqi davamı olaraq, Azərbaycanın nail olduğu yüksək iqtisadi yüksəlişdir. 450 min dövlətini, vətənini sevən əqidəli vətəndaşın sırx birləşdiyi YAP bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı olmaqla, ölkənin ictimai-siyasi həyatında alternativsiz söz sahibinə çevrilib. Bu faktın özü də bir daha qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin alternativsiz olduğunu təsdiq edir"- deyə YAP-ın məlumatınada bildirilir.
YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]