Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan Prezidentinin İcra Aparatı hesab edir ki, aksiyalara, kütləvi tədbirlərə yer ayrılması bilavasitə icra hakimiyyətinin səlahiyyətində olan məsələdir. "Azərbaycanda mitinq və kütləvi aksiyaların keçirilməsi üçün bu gün üçün imkan daxilində mövcud olan yerlər təklif olunub", şənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Trend -un arayışı: Parlament mayın sonunda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən dəyişikliklər və əlavələri qəbul edib. Qanun layihəsi Avropa Şurası Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyətinin birgə müzakirələri əsasında hazırlanıb.
Yeni qanunda aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılmasına icra strukturlarının icazəsinin ləğvi əksini tapmayıb. Müxalifət partiyaları isə bunu qeyri-demokratik meyar kimi qiymətləndirirlər.
Həsənov deyib ki, aksiyaların keçirilməsi və seçicilərlə görüşmək üçün təklif olunan yerlərin sayı artırıla bilər. "Rayonlarda bütün namizədlərə seçicilərlə görüş üçün bərabər şərait yaradılacaq və hamıya bərabər şəkildə yerlər təklif olunacaq", - şöbə müdiri əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]