...

Başlıca məqsədimiz Qırğızıstan -Azərbaycan parlamentlərarası əlaqələrinin qurulmasıdır – Qırğızıstanın vitse-spikeri

Siyasət Materials 18 İyun 2008 15:53 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 18 iyun/ Trend , müxbir R. Məşədihəsənli/ Qırğızıstan Parlamentinin (Joqorku Keneşa) sədr müavini Çolpon Baekovanın Trend Agentliyinə müsahibəsi

- Qırğızıstanla Azərbaycan parlamentələri arasında əməkdaşlığın səviyyəsindən razısınızmı?

Sizin Bakıya səfərinizdə hansı məsələlər müzakirə olunacaq?

- Əvvəlcə onu deyim ki, Azərbaycan-Qırğızıstan parlamentləri arasında əməkdaşlıq əlaqələrinin səviyyəsi yetərincə deyil. Əlaqələrimiz son 10 ildə, demək olar , yox dərəcəsində idi. İndiyədək qarşılıqlı rəsmi səfərlər dayandırılmışdı. Sabiq prezident Əsgər Akayev sonuncu dəfə 1994-cü ildə Azərbaycana səfər etmişdi. Sonralar isə cəmi bir-iki dövlət orqanları rəsmilərinin ziyarəti olmuşdu. Parlament səviyyəsində isə, tək-tək hallarda ikitərəfli görüşlər keçirilmişdi. Yalnız Azərbaycanın Qırğızıstandakı ilk fövqəladə və səlahiyyətli səfiri Arif Ağayevlə Bişkekdə görüşmüşük. Təəssüflər olsun ki, parlamentlərarası qarşılıqlı rəsmi səfərlər, görüşlər hələ də təşkil edilməyib.

Mən Bakıya bir günlüyə gedirəm və Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərə qatılacağam və həmkarlarımı təbrik edəcəyəm. Eyni zamanda, bizə bu gün ölkələrimiz üçün çox önəmli olan əməkdaşlığın yaradılması məsələsini müzakirə edəcəyik. Başlıca məqsəd Qırğızıstanla Azərbaycanın parlamentləri arasında əlaqələrin qurulmasına nail olmaqdır.

- Sizin fikrinizcə, dövlətlərarası əlaqələr inkişaf edirmi və tərəflər arasında hansı prinsipial problemlər mövcuddur? Rəsmi Bişketin xarici siyasətində Cənubi Qafqaz ölkələri arasında Azərbaycan hansı yeri tutur?

-  Qarşılıqlı anlaşma ilə bağlı elə bir ciddi problem görmürəm. Əksinə, biz Azərbaycana qardaş ölkə kimi baxmışıq və indi də baxırıq. Xatırlayırsınızsa, Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün Qırğızıstan parlamenti çox fəallıq göstərib. Cənubi Qafqaz ölkələri ilə qardaşlıq və dostluq münasibətlərindən başqa qeyri bir siyasət ola bilməz. Azərbaycana gəldikdə isə, kökümüz, dilimiz, dinimiz eynidir. Bu, Qırğızıstanda yaşayan azərbaycanlılarla münasibətdə də özünü göstərir. Tale bizi bir-birimizə nəinki qonşu edib, biz həm də yaxın qohumuq. Necə deyərlər, bir-birimizə qız verib, oğul evləndirmişik.

- Bu yaxınlarda Rusiya Dövlət Dumasında təklif irəli sürüldü ki, rus dili MDB ölkələrində rəsmi dil statusu verilsin. Siz bu təklifə necə yanaşırsınız?

- Bu məsələ artıq Qırğızıstanda həllini tapıb və rus dili rəsmi dil kimi qəbul olunub.

- Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması üzərində iş aparılır. Bu prosesdə iştirakdan imtina etmiş Türkmənistan və Özbəkistanın da Assambleyaya qoşulması istiqamətində bir irəliləyiş varmı?

- Türkmənistanla Özbəkistanın Assambleyaya qoşulmaması ilə bağlı bir şey deyə bilmərəm. Çünki o görüşdə bizim digər vitse-spiker İsabekov iştirak etmişdi.

Qazaxıstan Prezidentinin təklifini isə, biz ürəkdən bəyənirik və türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin güclənməsinə və inkişafına təkan verə bilər. İqtisadi, hüquqi əməkdaşlıq üçün ciddi qanunlar hazırlanmalı və bu təklif həllini tapmalıdır. Ona görə də burada ciddi bir problem görmürəm.

- Türkdilli ölkələrin daha da yaxınlaşması üçün regionun bəzi ölkələri tərəfindən vahid türk dilinin yaradılması təklifi də irəli sürülüb. Hazırda bu ideyanın həyata keçməsi nə dərəcədə realdır?

- Həmin təklifin reallaşması bu gün üçün mümkün deyil. Çünki, ölkəmizdə hazırda qırğız dili ilə bağlı problemimiz var. Məlumdur ki, qırğız dili qədim türk dilidir. Öz dilimiz belə Sovet İmperiyası dövründə assimlyasiyaya məruz qalıb, dilimizi unutdurmağa, yox etməyə çalışmışdılar. Bu gün Qırğızıstanın Dövlət dili haqqında Qanunu var və qırğız dilinin cəmiyyətdə mövqeyinin, statusunun möhkəmləndirməsinə və təbliğinə dair Dövlət Komissiyası yaradılıb. Qırğızıstan Konstitusiyasında da bu barədə maddə əksini tapıb. Biz bu gün öz doğma dilimizin real mövqe tutmasına çalışırıq. Öncə özümüzün dil problemimizi həll edək ki, sonradan vahid türk dilinin yaradılmasında çətinliklərlə qarşılaşmayaq. Dil həyatımızın ayrılmaz mədəni hissəsidir və bu yolda əməyimizi əsirgəməməliyik. Bir-birimizin dilini qarşılıqlı şəkildə öyrənsək, əlbəttə, bu, dövlətlərimizin də mənəvi, mədəni zənginliyinin artmasına gətirib çıxarar. Ola bilsin, vahid türk dili ideyası hələ tezdir, lakin gələcəkdə bu niyyətin gerçəkləşəcəyinə ürəkdən inanıram. Prezident Kurmanbek Bakiyevin sözləri ilə fikrimi tamamlamaq istərdim: "Dövlətlər arasında iqtisadi əlaqələr gəldi-gedərdi, mədəni əlaqələr isə, daimidir, əbədidir".

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti