...

Azərbaycan MSK-sı seçkilərlə bağlı layihələrə nəzarəti gücləndirmək niyyətindədir

Siyasət Materials 5 İyul 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bəzi beynəlxalq qurumların və yerli QHT-lərin seçkilərlə bağlı özbaşına maarifləndirmə işi aparmasına imkan verilməməlidir. "Heç bir ölkədə MSK-nın nəzarətindən kənarda hər hansı bir QHT-nin və ya beynəlxalq qurumun maarifləndirmə işi aparmasına imkan verilmir",- Trend - un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Pənahov vurğulayıb ki, hər hansı bir qurum seçki ilə bağlı müəyyən bir fəaliyyət göstərmək istəyirsə, MSK-ya bu barədə məlumat verməlidir. "Mən mətbuatdan oxuyuram ki, müəyyən təşkilatlar bu istiqamətdə fəaliyyətə başlayıblar. Dünyanın heç bir yerində hər hansı beynəlxalq quruma ixtiyar verilmir ki, gəlib başqa bir ölkədə heç kimə məlumat vermədən seçki hərəkətləri həyata keçirsin. Məsələn, biz özümüz gedib başqa bir ölkədə belə bir iş görmək istəsək, buna qətiyyən imkan verməzlər. Buna nəzarət olmalıdır. Hesab edirik ki, bu, çox ciddi məsələdir. Məqsəd heç də o deyil ki, maarifləndirmə işinin həyata keçirilməsi qadağan ediləcək. Sadəcə olaraq, bu, nəzarət altında olmalıdır. Hər hansı bir qurum bunu etmək istəyirsə, bizi məlumatlandırmalıdır", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti