...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin mətninin asanlaşdırılması ilə bağlı müzakirələrə hazırdır

Siyasət Materials 15 İyul 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Seçki Məcəlləsinin mətninin qısaldılması və asanlaşdırılması istiqamətində Avropa Şurasının Venesiya Komissiyası ilə müzakirələr aparmağa hazırdır. "Mən Məcəllənin mətninin qısaldılması təklifinə müsbət yanaşıram", Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə MSK sədri Məzahir Pənahov deyib.

Trend -un arayışı: Venesiya Komissiyasının katibi Canni Bukikkio bazar ertəsi Bakıda jurnalistlərə bildirib ki, Seçki Məcəlləsinin mətni uzun və çətindir. Venesiya Komissiyası katibinin rəyinə görə, mətnin azaldılması və asanlaşdırılmasına zərurət var. O, bu məsələni ölkə rəhbərliyi ilə müzakirə etmək niyyətində olduğunu bildirib.

İyunun 2-də Azərbaycan parlamenti Seçki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında layihə qəbul edib. Layihə bir ay sonra prezident tərəfindən təsdiqlənib. Yeni layihəyə əsasən, seçkiqabağı kampaniyanın müddəti 120 gündən 75 günədək azaldılıb, namizədlərin depozit hesabı əsasında qeydiyyatı ləğv edilib, namizədlərin qeydiyyatı üçün zəruri imzaların sayı 45 mindən 40 minədək azaldılıb, dövlət KİV-də namizədlə bağlı ödənişli və ödənişsiz reklam qadağan edilib.

Pənahov bildirib ki, Seçki Məcəlləsi vaxtilə müəyyən tələblərə uyğun hazırlanıb. Zaman keçdikcə Məcəllənin mətninin qısaldılması məsələsi meydana çıxır.

"Mənim fikrimcə, bu addımın atılması üçün heç bir problem yoxdur", - deyən MSK sədri Azərbaycanda bu il keçiriləcək prezident seçkilərindən sonra məsələnin müzakirəsini mümkün sayıb.

Azərbaycanda prezident seçkisinin bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçki gününün dəqiq tarixini açıqlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti