Azərbaycan, Bakı, 08 avqust/ Тrend News, müxbir R.Novruzov/Avropa İttifaqı gürcü-osetin münaqişəsinin son hadisələrini hələlik şərh etməyə hazır deyil, - Trend -a Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. "Hansısa fikir irəli sürmək hələ ki, tezdir", - cümə günü Trend -un müxbirinə telefonla Piter Semnebi deyib. Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya qayda-qanununun bərpası"adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Bu gün səhər Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbər olunması elan edilib. Bu barədə prezident Mixail Saakaşvili Gürcüstan televiziyası ilə müraciətində bəyan edib. Məlumata görə, son illər 100 mindən çox adam hərbi təlim keçərək, ehtiyata yazılıb. Hazırlıq keçənlərin yaş həddi 25 - 45 arasındadır. Semnebi bildirib ki, Gürcüstanda baş verənlərə dair ümumi rəyin hazırlanmasına vaxt lazımdır. "Hazırda mən Gürcüstandakı vəziyyəti heç cürə şərh edə bilmərəm", - Semnebi qeyd edib. 1990-cı ilin əvvəlində Gürcüstanın Cənubi-Osetiya Muxtar Vilayəti Rusiyanın köməyi ilə ölkənin tərkibindən çıxdı və öz müstəqilliyini bəyan etdi. Bunun nəticəsində regionda müharibə başaldı və Gürcüstan öz ərazi toxunulmazlığını bərpa edə bilmədi. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Osetiyanın müstəqilliyini tanımırlar. 10 ildən bəri davam edən sülh danışıqları heç bir nəticə verməyib. |