...

Azərbaycanda tanınmış müxalifət liderlərinin və bitərəf siyasətçilərin təmsil olunduğu yeni qurum yaradılır

Siyasət Materials 14 Avqust 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanda tanınmış müxalifət liderlərinin və bitərəf siyasətçilərin təmsil olunduğu yeni qurumun yaradılması nəzərdə tutulur.

"Mənim tərəfimdən məşhur siyasətçilərdən, bitərəflərdən ibarət mərkəzin yaradılması təklifi hazırlanıb. Təxminən 10-15 fərdin bir araya gəlməsi və ümumdemokratik hərəkatın başlanmasını, bunun yönləndirilməsini mümkün hesab edirəm. Daha çox bu istiqamətdə düşünürəm və fərd olaraq bəzi şəxslərlə danışıqlarım olub", cümə axşamı Trend -a müxalifətdən olan millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Böyük Quruluş, Azadlıq partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov seçkidə iştirakdan imtina ediblər. Bundan sonra müxalifətin koalisiyasının yaranması məsələsi gündəmə gəlib.

Onun sözlərinə görə, hazırda bunun forması və mexanizmləri üzərində düşünülür. "Konkret olaraq bu ideyanın həyata keçirilməsi üçün vəziyyət öyrənilir və məsələlər hazırda müzakirə səviyyəsindədir. Yeni qurum yaradılarkən təxminən 1988-89-cu illərdə Xalq Cəbhəsinin yaradılması zamanı mövcud olan təcrübəni nəzərdən keçirmək olar. Düzdür, siyasi vəziyyət həmin vaxtdan sonra xeyli dəyişib və hazırda siyasi partiyalar, QHT-lər mövcuddur. Amma ümumdemokratik hərəkatın başlanmasını mümkün sayıram. Müzakirələrin gedişində digər detallar dəqiqləşəcək və indidən konkret təfərrüatlar barədə danışmaq bir qədər çətindir", - deyən Hüseyn konkret hansı şəxslərlə danışıqlar apardığını isə açıqlamayıb.

Bununla yanaşı, Hüseyn seçkidə iştirakdan imtina edən partiyaların seçkiyə qədər bir araya gəlməsini və ortaya vahid sənəd qoymasını da vacib hesab edir. Onun sözlərinə görə, onun ideyası partiyaların bir araya gəlməsinə mane ola bilməz. "Mövcud ümumi siyasi vəziyyət müxalifət tərəfindən dəyərləndirilməlidir. Seçkilərdə iştirak etməməyin mümkün olmamasına əsas səbəb kimi seçki mühitinin normal olmaması göstərilir və müxalifətin əsas hədəfi bu mühitin dəyişdirilməsi olmalıdır. Eyni vəziyyət 2010-cu il parlament seçkilərinə kimi qalsa, yenə də seçkidə iştirak edib-etməmək məsələsi gündəmə gələ bilər. Düşünürəm ki, müxalifətin seçki ilə bağlı ümumi mövqeyini ifadə edən vahid bir sənədin hazırlanması, onların koalisiyasının yaradılması üçün vasitəçiyə ehtiyac yoxdur", - Hüseyn əlavə edib.

Deputat hesab edir ki, prezident seçkisinə qədər birlik addımları atılmalı və ortaya müəyyən bir sənəd qoyulmalıdır.

"Bunu seçkidən sonraya saxlamaq doğru olmaz və bunu düşünmək yanlış yanaşmadır. Partiyalar seçkidə iştirak etsəydi, seçkidən sonranı gözləmək lazım gələrdi. Oktyabrın 15-dən sonra yeni situasiya yaranmayacaq. Siyasi situasiya indi ortadadır və seçkiyə qədər müəyyən addımlar atıla bilər", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti