...

Azərbaycan paytaxtında partlayış törədən şəxs 27-30 yaslarında olub - onu görən yeganə şahid

Siyasət Materials 18 Avqust 2008 13:35 (UTC +04:00)
Azərbaycan paytaxtında partlayış törədən şəxs 27-30 yaslarında olub - onu görən yeganə şahid

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən Əbu-Bəkir məscidində partlayış törədən şəxs 27-30 yaşlarında olub.

Bu haqda Trend -a hadisəni törədən şəxsi görən yeganə şahid Taleh Bəşirov danışıb.

Bazar günü saat 21.00 radələrində axşam namazı zamanı Əbu-Bəkr məsçidində partlayış baş verib. Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq, iki ədəd RQD-1 əlqumbarasını məscidin içərisinə atib.

Qazax rayonundan olan Taleh Bəşirov Heydər Əliyev prospektində inşa olunan Heydər Əliyev mərkəzinin tikintisində qaynaqçı kimi çalışır.

O bildirib ki, hadisə baş verən gün işdən gec çıxdığından axşam namazına gecikib.

"Saat 9-da məscidə yaxınlaşarkən bir nəfərin Ruhulla Axundov küçəsi ilə qaçdığını gördüm. Onun arxasınca 300-400 metr qaçdım. Yorulduğum üçün sonradan onu təqib edə bilmədim. Qaçan adam 27-30 yaşlarında, boyu təxminən 170 sm olan, qara şalvar və köynək geyinmiş biriydi", - deyə şahid vurğulayıb.

Müstəntiqlər də Bəşirovun hadisəni törədən şəxsi görən yeganə şahid olduğunu, onun dünən və bu gün istintaqda dindirildiyini Trend -a təsdiqləyiblər.

Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev Trend -a bildirib ki, ölənlər Vaqif Abbasov, Təyyar Vəliyəddinovdur.

Trend -un hadisə yerində olan müxbirinə məsciddəki dindarların verdiyi məlumata görə, xəsarət almış 24 yaşlı Rəşad İsmayılov da xəstəxanada dünyasını dəyişib.

Trend -a yaralıların çatdırıldığı Tibbi Klinik Mərkəzdən verilən məlumata görə isə, Camalov Rəşad Nazim oğlu və İbrahimov Daşqın Rəhim oğlu reanimasiya şöbəsinə yerləşdiriliblər. İsmayılov Rəşad Həsənağa oğlu evə buraxılıb. Səfərəliyev Ruslan Kiçikağa oğlu göz institutuna aparılıb. Qalan 3 nəfər isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Müstəntiq Akif Rzayev bazar ertəsi jurnalistlərə açıqlamasında hadisə zamanı 3 nəfərin öldüyünü, 11 nəfərin xəsarət aldığını bildirib. O, jurnalistlərin hadisənin terror aktı olması ilə bağlı sualına cavab olaraq bildirib ki, istintaq hazırda qəsdən adam öldürmə versiyasını araşdırır.

Məscidin imamı Qamət Süleymanov yüngül xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bir az əvvəl hadisə yerində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov olub.

Bu gün səhər Əbu-Bəkr məsçidinin qarşısına səhər namazı üçün çox sayda adam yığışsa da, məsçidin bağlı elan olunduğu bildirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

Hadisə ilə bağlı Bakı polisi gücləndirilmiş iş rejiminə keçib. Paytaxtın ayrı-ayrı yerlərində polis postları yaradılıb və hərəkətdə olan bütün şübhəli nəqliyyat vasitələri saxlanılaraq yoxlanılır.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, işin istintaqı Bakı şəhər Prokurorluğuna tapşırılıb və faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4) və iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddələri ilə cinayət işi açılıb.

Hadisə ilə bağlı hələ ki saxlanılan şəxs yoxdur.

Hadisənin terror aktı olub-olmadığı hələlik müəyyənləşdirilməyib.

Əbu-Bəkir məscidində əsasən vəhabi təriqətinə mənsub şəxslər ibadət edirlər. Bu il Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsciddə əməliyyat keçirmiş və nəticədə yayılması qadağan olunan dini kitablar müsadirə olunmuşdu.

Dünən axşam hadisə yerinə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov gəliblər. Rəsmilər jurnalistlərə heç bir açıqlama verməyiblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti