Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri David Bakradze çərşənbə günü Amerika tərəfinin təşəbbüsü ilə ABŞ -ın Atlantika Şurası ilə videokonfrans keçirib. Gürcüstanın ali qanunvericilik orqanının mətbuat xidmətinin məlumatlarına əsasən, Amerika tərəfdən diskussiyada Şuranın prezidenti Fred Kemp, dövlət katibinin müavini Nikolas Barns və Gürcüstanın ABŞ - dakı səfiri Vasili Sixarulidze iştirak ediblər.
Parlamentin spikeri Şura üzvlərini Gürcüstandakı vəziyyətlə tanış edib.
"Rusiya prezident Medvedyevin imzaladığı altı bənddən ibarət sazişi yerinə yetirmir. Gürcüstan ərazisində yenidən Rusiya qoşunları yerləşdirilib. Onlar həm hərbi, həm də mülki infrastrukturu məhv edirlər. Rusiya hərbçiləri baş nəqliyyat magistralını bağlayıblar və ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaradırlar. Rusiya çoxdan bu təcavüzə hazırlaşıb. Gürcü xalqı ABŞ və dünya ictimaiyyətinin reaksiyasını gözləyir. Siz Rusiyaya onların hərəkətlərinin qiymətini göstərməlisiniz. Moskva adekvat cavab almazsa, o zaman belə hərəkətləri davam etdirəcək və əvvəlcə Ukrayna, sonra isə Avropanın müəyyən hissəsi növbəti qurban olacaq", - Bakradze bildirib.
Gürcüstanın Rusiya ilə hansı münasibətləri qurmaq niyyətində olması barədə sualı cavablandıran parlament sədri qeyd edib ki, Gürcüstan Rusiya ilə müharibəyə hazırlaşmayıb, çünki bu, intihara bərabər olardı.
"Gürcüstan Rusiya ilə bərabərhüquqlu, tərəfdaş münasibətləri qurmağa hazırdır - lakin o, atəşkəs haqqında sazişi icra etdikdən, qoşunlarını çıxardıqdan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqdan sonra", - Bakradze bəyan edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]