...

Azərbaycanın müxalifət partiyası qurultayında prezident seçkiləri ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib

Siyasət Materials 24 Avqust 2008 18:26 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası qurultayında prezident seçkiləri ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib

Azərbaycan, Bakı, 24 avqust / Trend müxbir C.Babayeva/ Müxalif Azərbaycan Milli Demokrat Partiyası (AMDP) bazar günü keçirilən növbədənkənar IV qurultayında partiyanın prezident seçkiləri ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib. "Dövlət qeydiyyatı olmadığına görə, AMDP prezident seçkisinə öz namizədi ilə qatıla bilməyəcək. Seçkiyə qədər partiyanın Siyasi Şurasının toplantısı keçiriləcək. Həmin toplantıda partiyanın seçkidə iştirakdan imtina etməsi və ya müxalif namizədi dəstəkləmək məsələsi müzakirə olunacaq", deyə bazar günü Trend -a AMDP-nin sədri Tufan Kərimli bildirib.

Azərbacyanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Kərimlinin sözlərinə görə, bəzi müxalifət partiyalarının prezident seçkilərini boykot etməsi effekt verməyəcək. "AMDP-nin hədəfi hakimiyyətə gəlmək deyil", deyə o bildirib.

AMDP-nin bundan sonra Demokratiya Uğrunda İttifaq və Demokratik Seçki Mərkəzində təmsil olunacağına gəlincə, Kərimli bu məsələlərə də partiyanın Siyasi Şurasıda aydınlıq gətiriləcəyini bildirib.

Trend -un arayışı: AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək, "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiyanın keçmiş sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Bu ilin aprelində İsgəndər Həmidov partiya sədrliyindən istefa verib. O, istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti