Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupu "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna yenidən əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayıb.
"Layihə kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına qoyulan məhdudiyyətin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanundan çıxarılmasını nəzərdə tutur", bazar ertəsi Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Trend -arayışı: Azərbaycan hökuməti tərəfindən hazırlanan və Avropa Şurası Venesiya komissiyası ilə razılaşdırılan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi bu ilin mayında parlamentdə qəbul olunub.
Deputat hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda boşluqlar var və bu, vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır.
"Qanunun 9-cu maddəsində kütləvi aksiyaların keçirilməsinin qadağan olunduğu yerlər göstərilib. Eyni zamanda, qeyd olunub ki, aksiyaların keçirilməsinə icazə verilən yerlərin siyahısı şəhər və rayon icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilir. Lakin qadağan edilməyən və icra hakimiyyəti orqanlarının siyahısında olmayan yerlərdə aksiyaların keçirilməsinə icazə verilib-verilmədiyinə aydınlıq gətirilməyib. Hazırladığımız layihə bu boşluqların aradan qaldırılmasını nəzərdə tutur", - müxalifətçi deputat bildirib.
Hüseynin sözlərinə görə, layihədə kütləvi aksiyaların keçirilməsi üçün yerlərin siyahısının icra hakimiyyətləri tərəfindən hazırlanması maddəsinin qanundan çıxarılması təklif olunur. O qeyd edib ki, aksiyaların keçirilməsi ilə bağlı müraciətlərə icra hakimiyyətləri tərəfindən rədd cavabı verilməsi qanuna yenidən dəyişiklik edilməsinə ehtiyac olduğunu göstərir. "Qanunla qadağan olunmayan yerlərdə aksiyaların keçirilməsinə icazə verilməlidir", - müxalifətçi deputat əlavə edib.
Müsavat deputat qrupu aksiya təşkilatçılarına icra hakimiyyətləri tərəfindən icazə verilməsi maddəsinin də dəyişdirilməsini təklif edir.
"Qanunda təşkilatçılara aksiyanın təyin olunduğu vaxta üç gün qalmış cavab verilməsi nəzərdə tutulub. Biz isə təklif edirik ki, icra hakimiyyətinə müraciət daxil olduğu vaxtdan üç gün keçmiş cavab verilsin. Bu, bir ay, on beş gün də ola bilər", - o bildirib.
Deputat qeyd edib ki, layihə üzərində işi başa çatdırıblar və payız sessiyasında müzakirə olunması üçün parlamentə təqdim edəcəklər. Layihə Avropa Şurası Venesiya komissiyasına da göndəriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]