Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu hesab edir ki, Ermənistan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyarsa, Azərbaycanla Türkiyə arasında münasibətlər gərginləşə bilər.
"Hazırda Ermənistan parlamentində Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi hazırlanır", cümə günü institutun direktoru Rövşən Mustafayev institutda Cənubi Qafqazdakı vəziyyətin müzakirəsi zamanı bildirib.
Türkiyə ilə Yunanıstan arasında aparılan müharibədən sonra Kipr dövləti iki yerə bölünüb. Türklərin yaşadığı Şimali Kiprin müstəqilliyini rəsmən Türkiyə dövlətindən başqa digər dövlətlər tanımayıb. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı yunanların yaşadığı Kipr Respublikasının müstəqilliyini tanıyır.
Onun sözlərinə görə, qanun layihəsi 7-8 variantda hazırlanıb və sonda hansının müzakirəyə çıxarılacağı hələlik məlum deyil.
"Proseslər Ermənistanın Şimali Kiprin müstəqilliyini tanıması istiqamətində inkişaf edir. Lakin bununla bağlı müzakirələr ictimaiyyətdən gizlədilir. Çünki ictimaiyyətin fikri heç kimi maraqlandırmır", - institut rəhbəri əlavə edib.
Mustafayev hesab edir ki, Azərbaycanın Türkiyə ilə əlaqələrə yenidən baxması zərurəti yaranıb. Çünki rəsmi Ankaranın atdığı bəzi addımlar cavablandırılması vacib olan suallar yaradıb.
"ABŞ çalışır ki, Ermənistanı Rusiyanın təsiri altından çıxarsın. Vaşnqton bunu Türkiyə vasitəsi ilə etmək istəyir. Ona görə də Ankara son zamanlar fəallaşıb və Ermənistanla əlaqələr qurmağa başlayıb. Hazırda əsas məsələ bunun Azərbaycanla Türkiyə arasında olan əlaqələrə necə təsir edəcəyidir", - Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, Cənubi Qafqazda vəziyyət gərgindir. Gərginliyin azaldılması üçün 1945-ci il ssenarisi təkrarlana bilər: "Onda ABŞ Yaponiyanı bombaladı. İndi isə Rusiyanın aqresivliyinin qarşısını almaq üçün ABŞ İranı bombalaya bilər. Bu, Azərbaycan üçün yaxşı variant deyil. Çünki Azərbaycan aralıq zonada yerləşir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]