Elmira Tariverdiyeva, Trend -un Avropa redaksiyasının icmalçısı
Artıq 11 ildir ki, Rusiyanın Qara dəniz Donanması icarə əsasında özgə ərazidə yerləşir. Son vaxtlar hərbi ekspertlər Ukraynanın Sevastopol şəhərində yerləşən qruplaşmanın pis texniki vəziyyəti haqqında tez-tez danışırlar. Beləliklə, nəzərəçarpacaq maliyyə itkiləri və yararsız donanmaya görə, Ukryana ilə daim ümumi məxrəcə gəlməmək Rusiyaya lazımdırmı?
Rusiyanın hərbi ekspertlərin qiymətləndirmələrinə görə, Qara dənizdəki rus gəmilərinin böyük hissəsi acınacaqlı texniki vəziyyətdədir. Sank-Peterburqun Dəniz Məclisinin rəhbəri, admiral Nikolay Orlovun qiymətləndirməsinə görə, bu gün (2008 - ci ildə) Qara dəniz Donanması - "Cənub sərhədinin mühafizəsini təmin edən kiçik dəstədən başqa bir şey deyil".
Anlamaq lazımdır ki, yaxın perspektivdə Qara dəniz Donanmasının yeganə vəzifəsi Rusiyanın Şimali Qafqazdakı qısa sahil xəttinin və RF-nin Qara dənizdəki iqtisadi zonasının mühafizəsidir. Daha irimiqyaslı vəzifələrin icrası mümkün deyil. Bununla yanaşı, hələ sovetlər dövründə tikilmiş gəmilərin köhnəlməsi ilə əlaqədar, QD - nin gəmi tərkibi azalmaqda davam edir və yeni döyöş vahidlərinin istismara verilməsi heç bir şəkildə bunun yerini doldura bilmir. Müvafiq olaraq, hərbi baxımdan hərbi - dəniz bazası kimi, Sevastopol tədricən lazımsız və hətta QD üçün artıq bazaya çevrilir.
Rusiya və Ukrayna arasında QD-nin bölünməsi 1997- ci ildə başa çatıb. 1996 - cı ildə RF Dövlət Dumasındakı gizli dinləmələrdə QD qərargah rəisi, vitse-admiral Pyotr Svyataşovun stenoqramından bir fraqment bölünmədən sonra donanmanın vəziyyətini yaxşı xarakterizə edir: "Donanma bölünmə zamanı son həddədək zəifləyib. Bütün zərbə qruplaşmaları məhv edilib. Üzən sualtı qayıq və dəniz raket aviasiyası, demək olar ki, yoxdur. Baza, müşahidə və kəşfiyyat sistemi məhv edilib. Gəmiqayırma azalır, gəmilər köhnəlir".
Keçən 11 il ərzində Rusiya üçün, demək olar, heç bir şey dəyişməyib. HDQ Baş Komandanının köməkçisi İqor Dıqalonun sözlərinə görə, 1997- ci ildə RF Qara dəniz Donanmasında təxminən 100 gəmi və 25 min nəfər şəxsi heyət olub. Hazırda donanmanın tərkibinə 35 gəmi və 11,5 min nəfər hərbi qulluqçu daxildir.
Bununla yanaşı, Ukrayna 2009 - cu il sentyabrın 1 - dən RF Qara dəniz Donanmasının istifadə etdiyi Krım torpaqları və infrastrukturunun icarə dəyərini artırmaq niyyətindədir. Ən təvazövkar hesablamalara görə, qiymət 25 dəfə arta bilər.
QD - nin hazırki vəziyyətini qiymətləndirərkən, soruşmaq lazımdır ki, Rusiya Donanmaya malik olmalıdır və ya ondan imtina edə bilər?. Belə ki, birinci vəziyyətdə qəti şəkildə gücləndirilmiş tikinti fəaliyyətinə başlamaq tamamilə zəruridir. İkinci vəziyyətdə isə - eyni dərəcədə qətiyyətlə, heç bir döyüş tapşırığını yerinə yetirmək iqtidarında olmayan donanmanın saxlanılması üçün hər il məqsədsiz sərf edilən dövlət büdcəsinin yükünün azaldılmasına başlamaq lazımdır.
Hər şey göstərir ki, Rusiyanın Sevastopolda özü üçün əlverişsiz şərtlər əsasında donanma saxlamasına dəyməz.
Çətin ehtimal olunur ki, 2017- ci ildə hərbi - dəniz bazasının icra müddəti başa çatdıqdan sonra QD Sevastopolda qalacaq. Hadisələrin inkişaf məntiqi belədir ki, ya donanma tamamilə Rusiyaya keçir (mümkündür ki, bu müddətədək), ya da Krımda və ümumilikdə Ukraynada siyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək.
Novorossiyskdə yaradılan yeni baza isə, üç məşhur admiralın - Çernavin, Kasatonov və Baltinin -qəti rəyinə görə, Qara dəniz Donanmasının yerləşməsi üçün tamamilə yararsızdır.
Lakin Rusiya üçün psixoloji faktor böyük əhəmiyyət daşıyır. Sevastopolu "rus döyüş şöhrətinin şəhəri" adlandırırlar, o, müdafiəçilərinin Krım və Böyök Vətən Müharibələri dövründə kütləvi qəhrəmanlığı ilə tanınır. Tarixi baxımdan da Rusiyanın Qara dəniz Donanması və Sevastopol hərbi-dəniz qalası eyni gündə - 1783 - cü il mayın 2 - də yaranıb.
İmperator I Aleksandrın söylədiyi kimi: "Rusiyanın yalnız iki müttəfiqi var - ordu və donanma". Görünür, müttəfiqlərdən biri - Qara dəniz Donanması sarıdan - Rusiyanı böyük məyusluq gözləyir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]