...

ABŞ rəsmiləri Azərbaycanda gedən demokratik proseslərin düzgün istiqamətdə inkişaf etdiyini bildiriblər - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 8 Sentyabr 2008 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmiləri Azərbaycanda gedən demokratik proseslərin düzgün istiqamətdə inkişaf etdiyini bildiriblər.

"ABŞ-ın dövlət rəsmiləri ilə görüşlərimdə qarşı tərəfin narazı olduğu və narahat edən məqamlar olsa da, bütövlükdə ümumi fikir ondan ibarət olub ki, Azərbaycandakı proseslər düzgün istiqamətdə inkişaf edir və demokratik institutların fəaliyyəti kifayət qədər fəaldır", bazar ertəsi Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib.

Trend -un arayışı: Həsənov ABŞ Milli Demokratiya İnstitutunun dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Vaşinqtonda bir sıra görüşlər keçirib. Dövlət Departamenti, Konqres, Beynəlxalq İnkişaf Agentliyi, habelə Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya Fondu və bir sıra digər nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müzakirələr aparıb. Müzakirələr zamanı Azərbaycanda demokratik islahatların gedişatı, insan hüquqları ilə bağlı vəziyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, eləcə də qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri diqqət mərkəzində olub.

Həsənov bildirib ki, ABŞ-da Azərbaycanda gedən proseslər diqqətlə izlənilir və müşahidə edilir. "Azərbaycandakı proseslərin müsbət meylləri ABŞ-da diqqətdən kənarda qalmır", - deyə o bildirib.

Həsənov ABŞ Dövlət katibinin xarici siyasət məsələləri üzrə köməkçisi Metyu Brayza ilə görüşdə Cənubi Qafqazdakı proseslər, Dağlıq Qarabağ munaqişəsi, mövcud beynəlxalq vəziyyət, beynəlxalq hüquqların tətbiqi problemləri, etnik separatizm və ölkələrin ərazilərin bütövlüyü məsələləri ətrafında müzakirələr apardığını bildirib.

"Görüşlərdə Azərbaycandakı siyasi partiyalar və QHT-lərin fəaliyyəti, hakimiyyətin QHT-lərə dəstək konsepsiyasını qəbul etməsi, Şura yaradılması və bu sahədə qrantın fəaliyyətə başlaması, prezidentin mətbuata dövlət dəstəyi konsepsiyasını imzalaması və bu istiqamətdə atılan addımlar, mətbuatın inkişafı üçün ölkədə aparılan işlər, siyasi partiyaların fəaliyyəti və onlara yaradılan şərait, Seçki Məcəlləsinə olunan əlavə və dəyişiklər, sərbəst toplaşmaq azadlığı ilə bağlı geniş fikir mübadiləsi aparılıb", - Həsənov əlavə edib.

Həsənov müzakirələr zamanı Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini çatdırdığını da bildirib. "Bizim razı olmadığımız məqamları onlara çatdırdım. Qarşı tərəf də mövqelərini əsaslandırmağa çalışdı. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirdilər", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti