...

İran Fələstin üçün azad referendum layihəsi hazırlayıb - İran prezidenti

Siyasət Materials 23 Sentyabr 2008 11:58 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin Fələstin torpaqlarında azad referendum keçirmək üçün layihə hazırladığını və yaxın gələcəkdə bu layihəni BMT-yə təqdim edəcəyini bildirib. Bu barədə İranın İSNA agentliyi məlumat verib.

Əhmədinejad bu gün səhər BMT baş katibi Ban Ki Munla görüşdə İranın Fələstində referendum keçirmək üçün layihə hazırldığını bildirib. Görüşdə regional, beynəlxalq məsələlər və İranın nüvə proqramı müzakirə olunub. Müzakirə zamanı Əhmədinejad İraqa qarşı BMT TŞ-nin yeddi sanksiyasının hələ də qüvvədə qalmasını ABŞ-ın bu ölkəyə nəzarət etməsi üçün bir bəhanə olduğunu qeyd edib və vurğulayıb ki, bu, qeyri-qanunidir.

Əhmədinejad həmçinin NATO-nun Əfqanıstanda apardığı siyasətin bu ölkədə narkotiklərin istehsalına və yayılmasına şərait yaratdığını bildirib.

İran prezidenti Fələstindəki vəziyyətdən narahatlığını da ifadə edib və bildirib ki, Fələstin xalqını daim ərzaq və dərman sarıdan mühasirədə saxlamaq cinayətdir.

"Əgər bu cür hərəkətlər cinayət deyilsə, onda cinayət nə deməkdir və BMT-nin rolu nədən ibarətdir", - deyə o bildirib.

İran prezidenti işğal və soyğunçuluğa son qoymağın vaxtının gəlib çatdığını bildirib: "Əgər BMT öz missiyasını düzgün yerinə yetirərsə, insanların da müdafiəyə ehtiyacı qalmaz".

Ban Ki Mun bildirib ki, BMT yeganə beynəlxalq təşkilatdır ki, Qəzzadakı insanları xilas etmək üçün ərzaq yardımı göndərib və bu məsələ ilə bağlı öz mövqeyini dəqiq və aşkar bəyan edib.

Xəbər lenti

Xəbər lenti