...

Əfqanıstanda keçiriləcək prezident seçkisi və hökumətin problemləri

Siyasət Materials 25 Sentyabr 2008 13:47 (UTC +04:00)

Əfqanıstan, Kabil, 25 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın Seçki Komissiyası mətbuatın köməyi ilə qarşıdan gələn prezident seçkilərində ehtimal olanan problemləri həll etməyə və əhalini seçkilərdə daha da fəal iştirak etməyə həvəsləndirməyə çalışır.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, Əfqanıstanın Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Məhəd Davud Nəcəfi bildirib ki, Əfqanıstanda şəffaf və uğurlu seçki keçirmək üçün ölkə mətbuatı əhalini seçkilərin əhəmiyyəti haqda maarifləndirməlidir.

Nəcəfi bildirib ki, Seçki Komissiyası və mətbuat arasında əməkdaşlıq seçkilərin keçirilməsində ehtimal olunan əngəlləri aradan qaldırmağa kömək edəcək.

Əfqanıstanın Seçki Komissiyası ölkə mətbuatı və xəbər agentliklərinin rəhbərləri ilə görüşərək, əhalini seçkilərdə fəal iştiraka çağırmaq barədə onlarla müzakirələr aparıb. Ölkənin bir çox siyasətçiləri və partiya rəhbərləri Əfqanıstandakı qeyri-sabitliyin seçkilərə mənfi təsir göstərəcəyindən və seçkilərin uğurlu keçməyəcəyindən narahatdırlar.

Ekspertlərin fikrincə, ölkədə təhlükəsizlik təmin olunmadığı və hökumətə qarşı çıxan müxaliflərə qarşı ciddi addımlar atılmadığı halda seçkilərin keçirilməsi qeyri-mümkündür.

Əfqanıstanda prezident seçkiləri keçirilməsə, Ağsaqqallar Şürası təşkil olunacaq və Hamid Kərzai yenidən Əfqanıstanın prezidenti vəzifəsində qalacaq. Hazırda Əfqanıstan əhalisi Hamid Kərzainin fəaliyyətindən narazıdır.

Əfqanıstanın Seçki Komissiyasının sözçüsü Zəkəriyya Barkəzi bildirib ki, öklə vətəndaşları həm hökumətin fəaliyyətindən, həm də ölkənin iqtisadi durumundan narazıdırlar, ona görə də seçkilərdə iştirak etmək istəmirlər.

Barkəzi bildirib ki, bu səbəbdən Seçki Komissiyası KİV-in köməyi ilə əhalini seçkilərdə iştiraka çağırmağa çalışır.

Əfqanıstanın Seçki Komissiyasının araşdırmalarına əsasən, ötən seçkilərdə 12,6 milyon nəfər iştirak edib, iştirakçıların 41 faizini qadınlar təşkil edib.

Əfqanıstanda 18 yaşına çatmış şəxslər seçkilərdə iştirak etmək hüququna malikdirlər.

Əfqanıstanın Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsini təmin etmək üçün televiziya rəhbərlərinə, jurnalistlərə və müşahidəçilərə xüsusi icazə vərəqələrinin verilməsi barədə qərar çıxarıb. Prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün xüsusi icazə vərəqələri oktyabrın 15-dən etibarən paylanmağa başlayacaq. Xüsusi icazə vərəqələrinin paylanması prosesi 4 mərhələdə aparılacaq.

Əfqanıstanda prezident seçkiləri gələn il keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti