Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında prezident seçkisində "exit-poll" aparmaq üçün 4 yerli qeyri -hökumət təşkilatını qeydə alıb.
Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Qeydə alınan təşkilatlar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), ELS Müstəqil Araşdırmalar Mərkəzi, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi və "Rəy" Monitorinq Mərkəzidir. AVCİYA ilə ELS birgə "exit-poll" aparacaq. Onlar 800 məntəqə və 118 seçki dairəsində, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi 488 məntəqə, 57 seçki dairəsində, "Rəy" isə, 500 məntəqə, 64 seçki dairəsində "exit-poll" apara biləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]