...

Naxçıvan MR-də səsvermədə pozuntular müşahidə edilmir - beynəlxalq müşahidəçilər

Siyasət Materials 15 Oktyabr 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 15 oktyabr / Trend , müxbir E.Məmmədov/ Bu gün Azərbaycanda keçirilən prezident seçkisində mühaşidə aparan beynəlxalq təşkilat nümayəndələri Naxçıvan Muxtar Respublikasında səsvermə zamanı  qanun pozuntusuna rast gəlmədiklərini bildirirlər.

Bu barədə Trend -un bölgə müxbirinə MDB-nin Seçkiləri Müşahidə edən Koordinasiya Şurasının Naxçıvan MR-dəki qrupunun üzvləri - Aleksey Aleksandroviç və Olqa Proskuryakova məlumat verib.

2 Saylı Şərur Seçki Dairəsinin 50 saylı seçki məntəqəsində seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilər seçkilərin gedişindən hələlik narazı qalmadıqlarını bildiriblər.

Həmin dairənin 12 və 13 saylı Çərçiboğan kənd seçki məntəqəsində səsvermənin ATƏT-in müşahidəçiləri Manoli Kostaş və Randal Ann izləyiblər.

3 saylı Babək-Kəngərli Seçki Dairəsinin Yurdçu kənd orta məktəbində yaradılan 7 saylı seçki məntəqəsində isə kişilərdən çox qadınların fəallığı hiss olunub.

Trend -un bölgə müxbirinin 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsi üzrə 5 məntəqədə apardığı müşahidələrdən isə saat 14-00-dək seçicilərin 39%-nin seçkidə iştirak etdiyi məlum olub. Naxçıvan Dövlət Dram Teatrının binasındakı 4-10 saylı məntəqədə səs verəcək 1106 seçicinin 604-ü səs verib. Bu məntəqədə müşahidə aparan ATƏT-in müşahidəçisi, Norveçin Azərbaycandakı səfirliyinin əməkdaşı seçkilərin normal və beynəlxalq qaydalar çərçivəsində keçirildiyini və bayram-əhval ruhiyyəsinin hiss olunduğunu bildirib.

Naxçıvan Türk Litseyinin binasında yerləşən 4-14 saylı seçki məntəqəsində müşahidə aparan MDB-nin Seçkiləri Müşahidə edən Koordinasiya Şurasının üzvləri - qazaxstanli Kanat Mombetov və Kayrat Kasımov da Trend -un bölgə müxbirinə bildiriblər ki, seçici fəallığı bu cür davam edərsə, onlar seçicilərin 70%-dən çoxunun seçkilərdə iştirakının şahidi olacaqlar.

Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov Trend -a bildirib ki, Muxtar Respublikada 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsində saat 14.00-dək seçicilərin 41 faizə yaxını səsverməyə qatılıb.

Hazırda Naxçıvan MR-də seçkiləri 31-i ATƏT-in, 14-ü MDB-nin müşahidəçiləri olmaqla 45 beynəlxalq, 590-dan çox yerli müşahidəçi izləyir. 

Naxçıvan MR üzrə ümumilikdə 248 335 seçici qeydə alınıb ki, onların da 6 635 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti