Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir B.Həsənov. Azərbaycanın İstanbuldakı konsulluğunda seçicilərin 60 %-i artıq səsvermədə iştirak edib.
"Qeydiyyatda olan seçicilərin artıq 60 %-i konsulluğa gələrək, səsvermədə iştirak ediblər", - deyə Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran Trend -a bildirib.
Konsul İstanbula yaxın şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarının da avtobuslarla konsulluğa gələrək səvermədə iştirak etdiklərini deyib. Konsul onu da əlavə edib ki, Azərbaycanın Ruminyadakı səfiri Eldar Həsənov və Bolqarıstandakı səfiri Elxan Zeynalov da İstanbuldakı Azərbaycan konsulluğunda səs veriblər.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.